Böyük Britaniyada İranın 2 vətəndaşı yəhudi icmasına qarşı terror aktı hazırlamaqda ittiham olunaraq London məhkəməsi qarşısına çıxarılıb.
"Bakupost" xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, 34 yaşlı Rəhman Salehi və 36 yaşlı Salam Əhmədian şənbə günü Vestminster Magistrat Məhkəməsində dindirilib.
Prokurorluğun məlumatına görə, onlar İngiltərənin şimalında yerləşən yəhudi icmasına qarşı ev şəraitində hazırlanmış partlayıcı qurğudan istifadə etməklə hücum planlaşdırmaqda ittiham olunurlar.
Şübhəlilər sentyabrın 20-də, yəhudilərin ən müqəddəs dini günlərindən biri hesab olunan Yom Kippur gününün başlanğıcında saxlanılıblar. İttihama əsasən, həmin gün onlar Mançesterdə mümkün yəhudi hədəfləri ətrafında düşmən xarakterli müşahidələr aparıblar. Prokuror Mark Lakett məhkəmədə bildirib ki, mümkün hədəflər arasında Mançester Yəhudi Muzeyi və Heaton Park sinaqoqu da olub.
İttiham tərəfinin bildirdiyinə görə, hər iki şəxs Mançesterdə yəhudi icmasına qarşı terror aktlarının hazırlanmasında və əldəqayırma partlayıcı qurğudan istifadə etməyi planlaşdırmaqda şübhəli bilinir.