İraqın baş naziri Əli əz-Zeydi İrana səfər edəcək. İraq Xarici İşlər Naizrliyi bildirib ki, səfər çərçivəsində ölkələr arasında əməkdaşlıqla bağlı bir sıra müqavilələr imzalanacaq.
Səfərin bu həftə sonu reallaşacağı gözlənilir.
Əli əz-Zeydi iyulun 15-də ABŞ-yə səfər edərək, Prezident Donald Trampla da görüşüb. Bu səfər isə İran rəsmilərinin sərt reaksiyası ilə qarşılanıb.
İran liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Əli əz-Zeydin Trampla görüşünü “böyük rüsvayçılıq” adlandırıb.
Bəs hazırda İraqın baş nazirinin İrana səfəri real olaraq nə məqsəd daşıyır?
Politoloq
Zaur Məmmədov "Bakupost"a bildirib ki, hazırda Suriya və İraqla İran arasında müxtəlif məsələlər ətrafında ziddiyyətlərin artdığını müşahidə edirik:
“ABŞ-nin Səddam Hüseyn dövründə İraqa müdaxiləsindən sonra bu ölkədə yeni siyasi sistem yaradıldı. Hansı ki, bu siyasi sistemdə də iranmeylli qüvvələr kifayət qədər ciddi yer tutdular. Belədə, həm Suriya, həm də İraqda İranın proksi qüvvələri gücləndi. İraqda həmçinin siyasilər arasında da iranmeylli qüvvələrin nüfuzunun artdığını müşahidə etdik”.
İraq baş nazirinin Tehrana səfərinə gəldikdə, ekspert hesab edir ki, əsas müzakirə mövzusu İranla bağlı olacaq:
“Eyni zamanda, Tehranda Əli əz-Zeydin ABŞ səfərinin nəticəsi də müzakirə ediləcək və o, proseslə bağlı İranın fikirlərini öyrənəcək. Amma İraqın ABŞ ilə İran arasında vasitəçi olması ehtimalı sıfıra bərabərdir. O bu sahədə heç bir imkan və resursa malik deyil. Sadəcə olaraq, ola bilsin İran tərəfinə Vaşinqtondan ünvanlanan hansısa mesajları çatdıracaq”.
Rüfət Sultan,
BakuPost