Oktyabr ayında Avrasiya İqtisadi Komissiyası AİB ölkələrinə Ermənistan məhsullarının idxalına Rusiyanın qoyduğu məhdudiyyətlə bağlı İrəvanın şikayətinə baxacaq.
“Bakupost” xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan mediasına bildirib.
İrəvan şikayətində bu məhdudiyyətlərin ticarət maneəsi kimi tanınmasını və Rusiyanın onları aradan qaldırmağa borclu olduğunu deyir.
Papoyan həmçinin bildirib ki, əgər AİB Rusiyanın hərəkətlərini ticarət maneəsi kimi tanıyarsa, Moskvadan 30 gün ərzində məhdudiyyətləri aradan qaldırması tələb olunacaq.
Qeyd edək ki, Rusiya artıq bir neçə aydır Ermənistan konyakı, mineral su və bəzi kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırıb.
Siyasi şərhçi
Elçin Alıoğlu “Bakupost”a bildirib ki, bu, adi ticarət mübahisəsindən xeyli böyük əhəmiyyət kəsb edir:
“Məsələnin mahiyyəti heç də məhdudiyyət tətbiq edilən mal və məhsullarla bağlı deyil. Əsas sual tamamilə başqadır. Rusiyanın nəzarətində olan strukturda malların sərbəst hərəkəti prinsipi bu dövlətin milli nəzarət orqanlarının qərarlarından üstün hüquqi qüvvəyə malikdirmi? Məhz bu baxımdan oktyabr müzakirəsi Ermənistan-Rusiya iqtisadi münasibətlərilə yanaşı, AİB-nin institusional qabiliyyətinin də sınağı olacaq”.
Müsahibimizə görə, burada İrəvan üçün ən ciddi problem odur ki, hüquqi arqumentlərin mövcudluğu hələ əlverişli qərarların qəbul ediləcəyi anlamına gəlmir:
“İrəvan Moskvanın bu addımının texniki problem kimi deyil, ittifaq hüququnun pozulması nəticəsində yaranan maneə kimi tanınmasını istəyir. Komissiya bunu qəbul etsə, məsələ ikitərəfli mübahisədən çıxaraq, AİB-nin hüququnun pozulması müstəvisinə keçəcək”.
Bu əsasda ekspert məsələyə yalnız siyasi münasibətlər prizmasından baxmağın düzgün olmadığı qənaətindədir:
“Rusiyanın istifadə edəcəyi əsas hüquqi arqument sanitariya-baytarlıq təhlükəsizliyidir. Moskva iddia edə bilər ki, tədbirlər Ermənistan mənşəli məhsulların özünə qarşı deyil, müəyyən edilmiş sanitar tədbirlərlə bağlıdır.
İrəvanın arqumentinin güclü tərəfi odur ki, problem ayrı-ayrı partiyalarda aşkar edilibsə, nə üçün məhdudiyyət bütün məhsul kateqoriyasına tətbiq olunur. Rusiyanın isə arqumenti o olacaq ki, nəzarət sistemində sistemli problem mövcuddursa, ayrı-ayrı müəssisələrə deyil, ixrac-nəzarət sisteminə qarşı tədbir legitim sayıla bilər”.
E. Alıoğlu hesab edir ki, prosesdə əsas problem hüquqdan daha çox qərar mexanizmilə bağlı olacaq:
“Bu səbəbdən prosesdə hüquqi qarşıdurma ilə yanaşı, siyasi fikirlərin haçalanması da baş verəcək. Komissiyanın qərarı yalnız hüquqi sənəd olmayacaq və o 3 suala cavab verəcək:
“AİB mallarının sərbəst hərəkəti həqiqətən hüquqi prinsipdir, yoxsa siyasi münasibətlərin imkan verdiyi qədər işləyən mexanizmdir? AİK AİB-yə üzv olan Rusiyanın milli qurumlarının qərarlarını effektiv şəkildə məhdudlaşdıra bilirmi? Konsensus sistemi mübahisəni həll edən mexanizmdir, yoxsa, mübahisə tərəflərindıən birinə faktiki “veto” imkanı verir?”
Həmsöhbətimiz hesab edir ki, kompromis tapılarsa, AİB institusional böhrandan yayına biləcək:
“Tapılmadıqda isə mübahisənin növbəti mərhələsi iqtisadi deyil, siyasi və hüquqi olacaq. İrəvan məsələni AİB məhkəməsi, hökumət başçıları səviyyəsinə daşıyacaq.
Vahid bazar o zaman mövcuddur ki, üzv dövlətlərin biri digərinin məhsulunun qarşısını kəsəndə işlək, qərəzsiz və nəticə verən hüquqi mexanizm olsun. Oktyabr müzakirəsi belə bir mexanizmin nə qədər real olduğunu göstərəcək”.
Rüfət Sultan,
BakuPost