Ermənistan paytaxtı İrəvanda yerləşən “Yerevan City” supermarketində güclü yanğın baş verib. Hadisə bu gün səhər saatlarında Komitas prospektində qeydə alınıb.
Bakupost.az xəbər verir ki, Ermənistan KİV-lərinin, o cümlədən “News-Armenia” portalının məlumatına görə, yanğın supermarket kompleksinin ərazisində fəaliyyət göstərən “KFC” sürətli iaşə məntəqəsində başlayıb. Qısa müddətdə alov binanın digər hissələrinə yayılıb.
Ermənistan Fövqəladə Hallar Xidmətindən bildirilib ki, hadisə barədə siqnal yerli vaxtla saat 11:08-də daxil olub. Əraziyə dərhal dörd yanğınsöndürmə briqadası və xüsusi texnika cəlb edilib.
Yanğınsöndürənlər hadisə yerində alovun yayılmasının qarşısını almaq üçün iş aparır. Məlumata görə, yanğın nəticəsində obyektin dam örtüyünün bir hissəsi çöküb, ətrafda qalın tüstü müşahidə olunur.
Erməni mediasının yazdığına görə, hələlik xəsarət alanlar barədə məlumat verilməyib, lakin yaxınlıqdakı binalar və ticarət obyektləri ehtiyat məqsədilə təxliyə edilib.
Hadisə şahidlərinin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə alovun “Yerevan City”nin giriş hissəsini və “KFC” məntəqəsini tam bürüdüyü görünür.
Yanğının səbəbləri hələ dəqiqləşdirilməyib, ilkin versiyalara əsasən, qısaqapanma ehtimalı araşdırılır.
Cavid, BakuPost