Ru
12:32 / 03 Sentyabr 2026

İrəvanın AB kursuna Lavrovla Putinin fərqli baxışları: Ermənistan geri addım atacaq?

İrəvanın AB kursuna Lavrovla Putinin fərqli baxışları:  Ermənistan geri addım atacaq?
Eye

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın tezliklə Avropa Birliyinə (AB) qoşulmaq istəyini itirəcəyinə əminliyini ifadə edib.

“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, Lavrov Avropa Birliyinin hazırda iqtisadi üstünlüklərini itirdiyini bildirib.

“İqtisadi baxımdan Avropa Birliyi bir çox amillər, o cümlədən özünün uzaqgörən olmaması və yanlış siyasəti səbəbindən üstünlüklərini itirir. Ölkələr – serb dostlarımız və indi də erməni həmkarlarımız – AB üzvlüyünə can atırlar. Əminəm ki, onların bu istəyi çox tezliklə itəcək”, – deyə Lavrov qeyd edib.

Bəs Lavrovun bu proqnozu nə dərəcədə əsaslıdır? Ermənistan həqiqətən də Avropa Birliyinə inteqrasiya kursundan geri çəkilə bilərmi?

Politoloq Əlimusa İbrahimov “Bakupost”a bildirib ki, Lavrov belə bir fikir səsləndirsə də, Rusiya Prezidenti Vladimir Putinin məsələyə yanaşması nisbətən fərqlidir:


“Hesab edirəm ki, Putin bu məsələdə xarici işlər naziri ilə müqayisədə fərqli düşünür. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Paşinyanla Putin arasında baş tutan dialoq göstərdi ki, Rusiya liderinin məsələyə münasibəti Lavrovun yanaşmasından fərqlənir”.

Ekspertin fikrincə, Rusiya XİN rəhbərinin açıqlaması daha çox İrəvana siyasi təzyiq vasitəsi kimi qiymətləndirilməlidir:

“Əgər Ermənistanın AB-yə münasibəti Lavrovun dediyi kimidirsə, AB öz cazibədarlığını itiribsə və digər ölkələr ora qoşulmaqda maraqlı deyilsə, onda Rusiya niyə İrəvanın bu təşkilata gedən yolunda maneələr yaradır, müxtəlif problemlər ortaya çıxarır? Hətta referendum keçirilməsini tələb edir? Bunu Gürcüstan və Ukrayna nümunələrində də görmüşük. Əgər İrəvan doğrudan da AB-yə marağını itirəcəksə, Rusiya kənarda dayanıb sakitcə bunu gözləməlidir. Amma indi bunun əksini görürük”.

Ə.İbrahimov qeyd edib ki, Avropa Birliyinə inteqrasiya yolu Ermənistan üçün kifayət qədər çətin olsa da, Nikol Paşinyan hökumətinin bu kursdan geri çəkiləcəyi gözlənilmir:

“Məsələ ondadır ki, həm Putin, həm də Lavrov İrəvanın AB ilə yaxınlaşmasına mane olmaq kursunu tutublar. Çünki bilirlər ki, bu prosesə əngəl yaradılmasa, Ermənistan Avropa Birliyinə daha da yaxınlaşacaq. Təbii ki, bu yolda Ermənistanı ciddi problemlər gözləyir. İrəvan üçün bu yol heç də asan olmayacaq. Rusiya ilə iqtisadi münasibətlər zəifləyə, Moskva enerji sektorundan təzyiq vasitəsi kimi istifadə edə bilər.

Şübhəsiz ki, Ermənistan bütün bu riskləri nəzərə alır. Amma görünən odur ki, nə Rusiyanın enerji daşıyıcılarının qiymətini artırması, nə də Ermənistandan Rusiyaya ixrac olunan mallara mümkün məhdudiyyətlərin tətbiqi İrəvanı bu kursdan çəkindirir. Əksinə, Rusiyanın təzyiqləri fonunda AB-yə gedən yolda qapılar İrəvanın üzünə daha geniş açıla bilər”.

Rüfət Sultan
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar