Azərbaycanda xidmət sektorunun ən çox dəyişən sahələrindən biri taksi və kuryer fəaliyyəti hesab olunur. Rəqəmsal platformaların genişlənməsi, onlayn sifarişlərin artması və əmək bazarında yaranan boşluqlar bu sahələrə marağı daha da artırıb. Bu dəyişikliklər həm məşğulluq imkanlarına, həm də iş gücünün strukturuna təsir göstərir və yeni sosial-iqtisadi tendensiyalar formalaşdırır.
Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a kuryer və taksi xidmətlərinin genişlənməsinin əmək bazarında müəyyən struktur dəyişiklikləri yaratdığını bildirib.
"İş tapmaqda çətinlik çəkən və ya stabil məşğulluq imkanı əldə edə bilməyən şəxslər daha çox bu sahələrə yönəlməyə məcbur olurlar. Bu tendensiya xüsusilə qeyri-formal və çevik gəlir imkanlarının daha əlçatan olması ilə izah edilir.
Taksi sektorunda son illərdə azalma müşahidə olunur. Rəqəmlərin 60 minə yaxın göstəricidən təxminən 25 minə qədər düşdüyü bildirilir ki, bu da bazarda minlərlə iş yerinin azalması deməkdir. Bu azalma həm rəqabətin artması, həm də xidmət modellərində baş verən dəyişikliklərlə əlaqələndirilir. Nəticədə bir qrup insan bu sahədən çıxmaq məcburiyyətində qalır və alternativ məşğulluq yolları axtarır".
O bildirib ki, eyni zamanda kuryer xidmətlərində artım müşahidə edilir:
"Xüsusilə onlayn ticarətin genişlənməsi bu sahəyə tələbi artırıb. Kuryer işi daha çox gənclər və tələbələr üçün cəlbedici sayılır, çünki çevik iş qrafiki və gündəlik qazanc imkanı təqdim edir. Bu da gənclərin qısa müddətli gəlir əldə etməsi baxımından müəyyən rahatlıq yaradır. Bununla belə, ümumi əmək bazarı kontekstində bu dəyişikliklər hələlik həlledici miqyasda qiymətləndirilmir. Yəni, taksi və kuryer sektorlarındakı artım və azalmalar ümumi məşğulluq strukturunu əsaslı şəkildə dəyişəcək səviyyədə deyil, daha çox mövcud iqtisadi və sosial tendensiyaların nəticəsi kimi görünür", - deyə o qeyd edib.