Sosial şəbəkələrdə bir qıza cin təsir etdiyi iddia olunan görüntülər yayılıb. Videoda qızın qeyri-adi davranışları əks olunub və bu görüntülər istifadəçilər arasında müxtəlif müzakirələrə səbəb olub.
Dində insanın cin tərəfindən təsirə məruz qalması real hal kimi qəbul edilirmi?
"Bakupost" xəbər verir ki, dinşünas Tural İrfan bu barədə Demokrat.az-a açıqlamasında deyib ki, İslam dinində cinlərin varlığı qəbul edilir:
“Lakin onların insan bədəninə girməsi və insana fiziki təsir göstərməsi ilə bağlı məsələlər həm dini, həm də elmi baxımdan mübahisəli olaraq qalır. İslam mənbələrində cinlərin oddan yaradıldığı, insanların onları görə bilmədiyi qeyd olunur. Eyni zamanda onların da insanlar kimi doğub-törədiyi, yeyib-içdiyi, müxtəlif inanclara sahib olduğu, yəni müsəlman və ya qeyri-müsəlman ola bildiyi bildirilir. Ancaq cinlərin insana fiziki müdaxilə edərək onun bədəninə daxil olması, şüuruna təsir göstərməsi və ya insanın dili ilə danışması ilə bağlı nə elmdə, nə də dini mənbələrdə bunu qəti şəkildə sübut edən məlumat yoxdur. Bu kimi təsəvvürlərin daha çox keçmişdən gələn inanclarla əlaqəli olduğu düşünülür”.
Tural İrfan qeyd edib ki, xüsusilə tibbin və psixiatriyanın kifayət qədər inkişaf etmədiyi dövrlərdə psixoloji və ruhi narahatlıqlar yaşayan, davranışlarında dəyişiklik müşahidə olunan insanlar bəzən cinlərin təsirinə məruz qalmış şəxslər kimi qəbul edilirdilər:
“Halbuki bu gün bir çox belə vəziyyətlərin psixoloji və nevroloji səbəbləri elmi şəkildə izah oluna bilir. Bu baxımdan, cinlərin mövcudluğunun dini inanc çərçivəsində qəbul edilməsi ilə onların insan bədəninə daxil olması və insanın davranışlarını fiziki şəkildə idarə etməsi iddiasını bir-birindən ayırmaq lazımdır. Cinlərin insanlara bu formada təsir göstərməsi, xüsusən də insanın bədəninə girməsi və onun dili ilə danışması nə elmi şəkildə sübut olunub, nə də bunu təsdiqləyən qəti dini əsas mövcuddur”.
Qeyd edək ki, Cin surəsi – Quranı-Kərimin 72-ci surəsidir. Məkkədə nazil olub, 28 ayədən ibarətdir. Surə adını elə ilk ayəsində də adı çəkilən və gözlə görünməyən varlıqlar olan "cin"lərdən alır.