Ru
11:30 / 13 İyul 2026

“İşləməsələr də pul alacaqlar” - Fəhlələrə ŞAD XƏBƏR

“İşləməsələr də pul alacaqlar” -  Fəhlələrə ŞAD XƏBƏR
Eye

Qızmar yay günlərində açıq havada işləmək həm çətin, həm də sağlamlıq üçün ciddi risklər yaradır. Xüsusilə tikinti, yol və kənd təsərrüfatı sahələrində çalışanlar istilərin birbaşa təsiri altında qalır.
Məhz buna görə Azərbaycan qanunvericiliyində yüksək temperatur şəraitində çalışan işçilərin hüquqlarını xüsusi qaydalarla tənzimlənir.

Bəs hava temperaturu neçə dərəcəyə çatdıqda işlər dayandırılmalıdır? Belə hallarda işçilərin əməkhaqqısı necə ödənilir?

Mövzu ilə bağlı “Bakupost”a əmək hüququ üzrə ekspert Etibar Qarayev bildirib ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən işçilərin sağlam və təhlükəsiz əməyinin mühafizəsi üçün müvafiq şəraiti təmin etməlidir və bu, onun əsas vəzifələrindən biri hesab olunur:

“Təhlükəsiz əməyin mühafizəsi ilə bağlı vəzifələrin icrası məqsədilə işəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud da qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır. Yəni işəgötürən istər soyuq, istərsə də isti havalarda işçilərin əməyinin təhlükəsizliyini qorumaq öhdəliyi daşıyır”.

E.Qarayev vurğulayıb ki, yay aylarında hava temperaturu azı 41 dərəcədən çox olduqda işçilərə Əmək Məcəlləsində müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır:

“Bu fasilələr iş vaxtına daxil edilir və həmin müddətə görə əməkhaqqı tarif maaşına uyğun şəkildə ödənilməyə davam edir. Əgər iş dayandırılarsa, bu hal işçinin təqsiri olmadan baş verən boşdayanma kimi rəsmiləşdirilir və işçiyə tarif maaşının azı üçdə iki hissəsi həcmində əməkhaqqı ödənilir.

Digər bir məqam isə ondan ibarətdir ki, havanın temperaturu 41 dərəcəyə çatdıqda təkcə açıq havada işləyənlər deyil, həmçinin sərinləşdirici qurğular olmayan qapalı binalarda, otaqlarda və digər iş yerlərində də bütün növ işlərin görülməsi dayandırılır.

Bəzi hallarda istehsalın fasiləsiz xarakter daşıması səbəbindən müəssisələrdə işin dayandırılması mümkün olmur. Bu zaman işçilərin növbəliliyi təmin edilir və əmək funksiyasının icrası növbəli iş qrafiki əsasında davam etdirilir. Növbələrin bir-birini əvəz etmə qaydası isə həmkarlar ittifaqı təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur”.

Lalə Novruz,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar