Yaxın Şərqdə vəziyyət daha da kəskinləşib. İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubu daxil olmaqla strateji mövqelərdə əməliyyatlara başlayıb və “Hizbullah” terror təşkilatının mövqelərinə qarşı hərbi əməliyyatları genişləndirib. Bu barədə İsrail və ABŞ mediası məlumat yayıb.
Bakupost.az “The Associated Press”ə istinadən xəbər verir ki, İsrail ordusu “Hizbullah”ın sərhədboyu hücumlarını neytrallaşdırmaq və terror təşkilatının lokal hakimiyyətini zəiflətmək məqsədilə Livan ərazisinə daxil olaraq bir neçə strateji mövqeyi ələ keçirib.
Bu addım İran tərəfindən dəstəklənən “Hizbullah”ın İsrailin şimal sərhədinə raket və pilotsuz uçan vasitələrlə hücumlarının intensivləşməsi nəticəsində atılıb. Əməliyyatlar zamanı İsrail qüvvələri Livanın cənubu ərazisinə daxil olub və sərhəd bölgəsində mövqelər tutublar. Müdafiə naziri İsrael Katz bildirib ki, ordunun məqsədi “Hizbullah”ın hücum potensialını məhdudlaşdırmaq və İsrail sərhəddindəki mülki əhalini qorumaqdır.
İsrail ordusu bəyan edib ki, bu əməliyyatlar daha genişmiqyaslı təhdidə qarşı gücləndirilmiş müdafiə addımıdır.
Bu arada regionda hava hücumları və bombardmanlar də davam edir. Beyrutun cənubuna və digər “Hizbullah” güclərinin olduğu ərazilərə dair məlumatlarda deyilir ki, zərbələr nəticəsində həlak olanlar və yaralananlar var.
Bu eskalasiya İran və ABŞ–İsrail arasında davam edən geniş hərbi gərginliklə paralel gedir və son günlərdə Cənubi Livanla sərhədlərdə də münaqişə intensivləşib. “Hizbullah” İsrail ərazilərinə də raket və pilotsuz hücumlar həyata keçirdiyini iddia edir və İsrail ordusu bu hücumlara qarşı cavab tədbirlərini artırıb.
Analitiklər qeyd edirlər ki, bu genişmiqyaslı hərbi əməliyyat regional sabitliyi daha da sarsıda bilər və yaxın perspektivdə qarşıdurmanın miqyası hələ də dəyişə bilər.
Cavid, BakuPost