ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən İsrail-Livan birbaşa danışıqlarının beşinci raundu çərçivəsində ABŞ, İsrail və Livan arasında üçtərəfli çərçivə sazişi imzalanıb.
Bakupost.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio danışıqlardan sonra tərəflər arasında çərçivə sazişinin əldə olunduğunu açıqlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, razılaşma Livan ordusunun müəyyən edilmiş pilot ərazilərə yerləşdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, saziş iki mərhələdə icra olunacaq. Netanyahu əlavə edib ki, “Hizbullah” tam tərksilah edilməyənədək İsrail qüvvələri bölgədən geri çəkilməyəcək.
ABŞ Dövlət Departamentinin rəsmisi isə bildirib ki, tərəflər uzunmüddətli sülh və təhlükəsizlik məqsədilə danışıqları iki suveren dövlət kimi davam etdirirlər.
Qeyd edək ki, İsrail və Livan arasında birbaşa danışıqların beşinci raundu 23-25 iyun tarixlərində Vaşinqtonda keçirilməli idi. Lakin müzakirələrin davam etməsi səbəbindən görüşlər bir gün uzadılıb.
Danışıqlar iyunun 18-də qüvvəyə minmiş ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian tərəfindən imzalanmış ABŞ-İran anlaşma memorandumundan sonra baş tutub.