İsrail KİV-ləri Baş nazir Benyamin Netanyahunun göstərişi ilə hazırlanan “2025–2026 Doktrin və Siyasət Təlimatlar” adlı tam məxfi sənəddən hissələr yayımlayıblar.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, sənəddə orduya verilən açıq göstərişlər yer alıb. Tapşırılıb ki, bir neçə cəbhədə eyni vaxtda müharibəyə hazır olmaq üçün geniş silahlanma planı hazırlanmalı və həyata keçirilməlidir.
Mətbuat yazır ki, sənəddə Netanyahu hərbi qurumların bütün tələblərinin qarşılanmasını istəyir və bu, faktiki olaraq ordunun istədiyi hər şeyin alınmasına “yaşıl işıq” kimi qiymətləndirilir.
Planın ilkin mərhələsində müdafiə xərclərinin 10 il ərzində təxminən 95 milyard dollar olması nəzərdə tutulur. Daha geniş silahlanma strategiyasının ümumi dəyərinin isə təxminən 216 milyard dollara qədər yüksələ biləcəyi qeyd olunur.
İlkin mərhələdə 95 milyard dollarlıq büdcə üzərində razılıq əldə edilib. Bu paketə yeni hərbi texnika və hava qüvvələrinin gücləndirilməsi də daxildir.
Sənədlə bağlı ən çox müzakirə olunan məqam isə bu göstərişlərin ölkə iqtisadiyyatına necə təsir edəcəyidir.
Ekspertlər düşünürlər ki, artan xərclər ölkəni ciddi borc yükü ilə üz-üzə qoyub. Proqnozlara görə, bu siyasət davam edərsə, 2035-ci ilə qədər borcun ÜDM-ə nisbəti 83 faizə çata bilər.
Ekspertlər hesab edir ki, Netanyahnun bu genişmiqyaslı silahlanma göstərişi uzunmüddətli dövrdə iqtisadi sabitliyi sarsıda, dövlət borcunu artıra və əhalinin həyat səviyyəsinə ciddi təsir göstərə bilər.
Röya Rizvanzadə, BakuPost