Ru
17:53 / 30 İyun 2026

“İsraillə münasibətimizi kimə görəsə pozmamalıyıq” – Tofiq Abbasov

“İsraillə münasibətimizi kimə görəsə pozmamalıyıq” – Tofiq Abbasov
Eye

Benyamin Netanyahu hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması barədə təklifi dünya ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb.

Hətta Ermənistandakı Paşinyan hökuməti belə İsrailin bu addımına müsbət yanaşmayıb.

Bu fonda aydındır ki, Netanyahu sözügedən addımı Türkiyə ilə münasibətlərdə mövcud olan gərginliklə bağlı atıb.

Maraqlıdır, indən belə hadisələr necə cərəyan edəcək? Bu vəziyyət Azərbaycana mənfi təsir edə bilərmi?

“Bakupost”un mövzu ilə bağlı suallarını politoloq Tofiq Abbasov cavablandırıb.

- Bu addım əslində Netanyahu hökumətinin zəifliyinin təzahürüdür. Qondarma “erməni soyqırımı”nı tanısalar da, faktiki olaraq heç nə dəyişmir. 36 ölkə parlamentlər səviyyəsində qondarma “soyqırımı”nı tanıyıb. Bununla heç nəyə nail olmayıblar. Çünki o, heç nəyi həll etmir. Belə cəsarətlidirlərsə, araşdırılması üçün Beynəlxalq Arbitraja müraciət etsinlər. Yada salaq ki, o hadisələr baş verəndən dərhal sonra Britaniya kəşfiyyatı Osmanlının bir neçə yüksək rütbəli zabitini Malta adasına sürgün edib, onlara qarşı məhkəməyə bənzər proses qurdular. Amma elə orada Avropadan olan hüquqşünaslar birmənalı olaraq bildirdilər ki, burada soyqırımı aktı, yəni kütləvi qırğın olmayıb. Araşdırmalar Osmanlı dövlətinin kütləvi qırğın törətmədiyini təsdiqlədi. Sadəcə, zabitlər ermənilərin separatizmə dəstək verənlərini həbs edib, edam ediblər. Mülki vətəndaşların deportasiyası qərarı isə onların Rusiya ordusuna kömək etmələri, Türkiyə ordusuna arxadan zərbə vurmaları, yəni satqın olmaları ilə bağlı idi və burada soyqırımı törətmək niyyəti olmayıb. Sadəcə müharibə şəraitində olan həssas bölgədən satqın etnosu ərazidən uzaqlaşdırıblar ki, satqınlıq edə bilməsinlər. Bu qəbul olunmuş praktikadır. Tarixdə bir çox ölkələrdə belə hadisələr olub. Rəsmi Təl-Əviv çarəsiz addıma əl atmaqla öz zəifliyini nümayiş etdirdi. Burada diqqət çəkan məqam məsələyə Paşinyanın münasibəti oldu. O qeyd etdi ki, bu məsələyə heç bir münasibət bildirməyəcəklər. Bu məsələdə Paşinyan daha “kişi” çıxdı, nəinki Netanyahu.

- Necə düşünürsünüz, yaranmış vəziyyətdə Türkiyə geri çəkilə bilər?

- Atılan addım öz əksini Türkiyə ilə İsrail arasında münasibətlərdə tapacaq. Ankaranın mütləq şəkildə özünün də prosesə bir reaksiyası olmalıdır. Bu diplomatik və siyasi sahədə olan prosesdir. Yaranmış vəziyyətdə guya Türkiyənin özünə gələ bilməyəcəyi barədə şişirtmələrin arxasında heç bir məntiq yoxdur. Qarşı tərəf heç nəyə nail ola bilməyəcək. Ermənistan da Serj Sarkisyan və Koçaryanın dövründə atılıb düşürdü. Amma heç nə edə bilmədilər. Türkiyə arxivlərin açılmasını, birgə araşdırılma aparılmasını istədi. Türkiyə arxivləri açsa da, ermənilər qorxularından arxivə yaxın durmadılar ki, paxırları açılar.

- Bütün hallarda verilən qərar Təl-Əvivlə Ankara arasında onsuz da gərgin olan münasibətlərə daha hansı çalarlar gətirə bilər?

- Türkiyə cəmiyyətinin məsələyə çox həssas yanaşması var. Türkiyə cəmiyyəti rəsmi Ankaranın İsraili Qəzza zolağında törətdiyi soyqırımı ilə bağlı ittiham etsə də, altdan-altdan Təl-Əvivlə ticarət əlaqələri apardığnı düşünür və öz hökumətindən hesabat tələb edir. Faktiki olaraq, Türkiyə-İsrail ticarət dövriyyəsində heç bir enmə yoxdur. Türkiyənin əksər siyasi partiyaları İsraili ittiham edir ki, 18 minə yaxın fələstinli uşağı qətlə yetiriblər, buna göz yummaq olmaz. Rəsmi Ankara da İsrailin qan tökdüyünü, vəhşiliyə yol verdiyini təsdiqləyir. Amma Türkiyənin həssas toplumu bu məsələdə rəsmi orqanlara narahatlığını bildirirsə, deməli ortada nəsə var.

- Bəziləri də iddia edir ki, bu fonda hətta Türkiyə geri çəkilə də bilər? Bu realdırmı?

- Türkiyə çox danışıq, amma az edir. Suriyada Əş-Şaraanın hakimyyətə gəlməsində Ankaranın böyük rolu oldu. Onlar həm də bildirir ki, Fələstin torpaqlarını azad etməkdə israrlıdır və lazım gələrsə gücdən istifadə edəcək. Amma burada məsələ başqadır. Türkiyə NATO-nun üzvüdür. ABŞ-nin yaxın müttəfiqidir. O da bəllidir ki, ABŞ-də yuxarı dairələr yəhudi kapitalı ilə doğmalaşıb. Düzdür, İsrailin Yaxın Şərqdəki vəhşiliyi fonunda artıq Amerika cəmiyyəti də onlardan bezib. Türkiyə də həddən artıq ehtiyatla tərpənir. Bir qədər ABŞ-dən çəkinir. Nə qədər ki, Türkiyə NATO-nun üzvüdür, onun sözügedən istiqamətdə bir o qədər də əməli olmayacaq.

- Sizcə, Netanyahunun sözügedən təklifi fonunda Knesset hansı qərarı verəcək?

- Knessetdə də çoxluq Netanyahunun tərəfindədir. Bu məsələyə hələ 2014-cü ildə də Knessetin komissiyalarında baxmışdılar. Sonda qərara gəldilər ki, məsələni ümumi səsverməyə çıxarmağa dəyməz. İndiki halda görünən odur ki, artıq qanunverici orqan səviyyəsində də İsrail qondarma “soyqırımı”nı tanımaqda israrlıdır.

- Mövcud vəziyyətdə Azərbaycan nə etməlidir? Bakı hansı addımı atmalıdır? Bakı ilə Təl-Əviv arasında münasibətlərdə hansısa gərginlik yarana bilərmi?

- İsraillə Azərbaycan arasında gərginlik yaranacağını düşünmürəm. İsraillə məhsuldar tərəfdaşlığımız var. Bakı da istəyir ki, İsraillə Türkiyə arasındakı münasibətlər gərginləşməsin. Bölgənin qaynar vəziyyətdə olduğunu da görürük. Azərbaycan diplomatiyası həmişə bu proseslərə təmkinlə yanaşıb. Diplomatik yolla ziddiyyətlər aradan qaldırılmalıdır. Hər halda Azərbaycan diplomatiyasının burada vasitəçilik missiyasını üzərinə götürəcəyini də istisna etmirəm. Azərbaycan buna gedə bilər. Prezident İlham Əliyev həm Türkiyə, həm də İsraildə böyük nüfuza malikdir. Tərəflər belə bir vacib məsələdə lazım bilərsə, Azərbaycan vasitəçilik edə bilər.

- Yəni Azərbaycan vasitəçilik missiyasını yenə də öz üzərinə götürsə, prosesdə müsbət irəliləyiş əldə edilə bilər?

- Ola bilər. Türkiyə toplumunun İsrailə münasibəti çox sərtdir. İsrail müdafiə naziri İsrael Katzın Ankaranı hədələməsi də Türkiyə cəmiyyətində pis reaksiya doğurub. İsrail Türkiyəyə heç nə edə bilməz. Çünki Türkiyənin potensialı daha böyükdür. Türkiyə isə İsrailə edə bilər. Amma o həddə çatdırmaq da lazım deyil. İsrail özünü ərköyün aparır. Dörd bir tərəfi hədələmək, siyasi liderləri, alimləri qətlə yetirmək bunlar dələduzluq, xuliqanlıqdır. İsrail özü-özünə hörmət etmirsə, başqa ölkələr ona necə hörmət etməlidir?

- Qondarma “soyqırımı”nın tanınması fonunda Ermənistanda revanşistlərin də əl-qolu açıla bilərmi?

- İnanməram, bu baş versin. Paşinyan məsələyə rassional, təmkinli yanaşma sərgiləyərək deyib ki, prosesə heç bir münasibət bildirməyəcəklər. Yəni demək istəyir ki, bunu etmək istəyən əvvəldən edərdi. Bütün hallarda baş verən proses erməni revanşistlərinə heç nə verməyəcək. Çünki addımın arxasında yalnız və yalnız İsrail hökumətinin çarəsizliyi dayanır. İsrail əhalisinin əksəriyyəti müharibəyə yox deyir. Onlar səbirsizliklə payız seçkilərini və Netanyahu hökumətinin getməyini gözləyirlər. Yeni seçkilərdə Netanyahunun qələbə qazanacağına inanmıram.

- Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov həmin məqamı dəyərləndirərkən bildirib ki, bu, İranın siyasi elitası arasında artan azərbaycanpərəst əhval-ruhiyyəni də nəzərə alsaq, Netanyahu hökuməti ilə məsafə saxlamağımız üçün yaxşı fürsətdir. Bu fikirlə razısınız?

- Bu İsrailin daxilindəki proseslərdən də asılıdır. Cılız oyunlara getməməliyik. İran dövləti unikallığı ilə seçilir. Orada iki titullu xalq var-fars və türk. Biz istədiyimizi həqiqət kimi qələmə verə bilmərik. İran dövlətinin daxili siyasəti başqadır. Orada Azərbaycan kəsiminin mövqeyi həddən artıq güclüdür. Yalnız dil məsələsi bizim üçün ağrılıdır. Amma bu o demək deyil ki, azərbaycanlılar orada diskriminasiya edilir. İsraillə münasibətləri də qoruyub saxlamalıyıq. Başqalarına görə özümüzü “oda verməli” deyilik. Çünki hər bir dövlətin özünün siyasi prioriteti var. İsraildən ölkəmizə hələ ki, təhdid və problem gəlməyibsə, nədən ondan uzaqlaşmalıyıq? Onlar müharibədə də ölkəmizə kömək oldular. Münasibətlərimizi kiməsə görə korlamağın tərəfdarı deyiləm. Amma İsrailin Yaxın Şərqdəki siyasətini də qəbul etmirəm”.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar