Ru
14:03 / 15 Sentyabr 2026

İşsiz müəllimlərin sayı azalacaq: Nazirliyin yeni planı

İşsiz müəllimlərin sayı azalacaq:  Nazirliyin yeni planı
Eye

Müəllimlik ixtisaslarına qəbul planının azaldılması davam etdiriləcək və məqsəd bu sahədə kadr hazırlığının keyfiyyətini artırmaqdır.

"Bakupost" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu il bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 76 min nəfər ali təhsil müəssisələrinə qəbul olub. Bakalavriat üzrə 64 469 yer təqdim edilib və onların 30 235-i dövlət sifarişi əsasında olub. Magistratura üzrə isə 18 384 yer təqdim olunub.

E.Əmrullayev xüsusilə müəllimlik ixtisaslarına qəbul sayının azaldıldığını qeyd edib. Onun sözlərinə görə, bu il həmin ixtisaslar üzrə 7 540 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Əvvəlki illərdə bu göstərici 10-12 min nəfər civarında olub.

Nazir bildirib ki, müəllimlik ixtisaslarına qəbulun azaldılmasında əsas məqsəd təhsilin keyfiyyətini artırmaq və sistemin real ehtiyacına uyğun sayda müəllim hazırlamaqdır.

Təhsil eksperti Məzahir Məmmədli “Bakupost”a bildirib ki, müəllim ixtisasına qəbul planının azaldılması Azərbaycanda müəllim qıtlığının yaranmasına gətirib çıxarmayacaq:

“Hər il müəllimlərin işə qəbulu üzrə imtahanlara müraciət edənlərin sayından 10 dəfə az vakansiya çıxarılır. Hər il 60-70 min şəxs müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etsə də, cəmi 5-6 mini vakansiyanı təmin edir. Bu addım gələcəkdə işsiz müəllim ordusu yaratmaqdansa, mərhələli şəkildə müəllim ixtisasına qəbulun sayını azaltmaqla, problemin qarşısının alınmasına hesablanıb”.

Ekspertin sözlərinə görə, həmin addım məqsədli, doğru düşünülmüş bir plandır: “Ölkədə 9 universitetdə pedoqoji kadrlar hazırlayan ixtisaslar var. Onların hər il Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş plana uyğun qəbul həyata keçirdiklərini nəzərə alsaq, deməli hər 4 ildən bir əmək bazarına minlərlə müəllim ixtisaslı şəxslər çıxır. Bu əsasda təcrübə göstərir ki, müəllimlərin işə qəbulu prosesində müraciət edənlərin təxminən onda biri qədər az vakansiya yeri yaradılmalıdır. Plan həyata keçərsə, gələcəkdə müəllim diplomlu işsizlərin sayı xeyli azalacaq”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar