Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (AİİBNDA) sədri Elnur Bağırov Azərbaycanda qeyri-qida istehlak mallarının istehsalı, idxalı və satışı mərhələlərində təhlükəsizliyə nəzarətin gücləndirilməsi məqsədilə yeni qanunvericilik təşəbbüslərinin hazırlanaraq hökumətə təqdim olunduğunu bildirib.
Onun sözlərinə görə, layihələr Türkiyənin Ticarət Nazirliyinin ekspertlərinin iştirakı ilə hazırlanıb və qeyri-qida mallarının texniki reqlamentlərin tələblərinə uyğun şəkildə düzgün etiketlənməsini təmin etməyə yönəlib:
“Təşəbbüslər həmçinin saxta, təhlükəli məhsulların dövriyyəyə buraxılmasının qarşısının alınmasına xidmət edir. Bu yanaşma istehlakçıların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, eləcə də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcək”.
Mövzu ilə bağlı Bakupost.az -a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, sözügedən təşəbbüs mühüm əhəmiyyət daşısa da, uzun illər bu sahədə ciddi boşluqlar olub:
“Azərbaycanda Nazirlər Kabinetinin 343 saylı qərarında 100-dən çox mal təhlükəsizliyi təmin olunmalıların siyahısında idi. Bu qərar artıq 15 ildən çoxdur ki, ləğv olunub və ölkəyə gətirilən malların təhlükəsizliyi məsələsinə demək olar ki, heç kim baxmır. Bu, çox anormal bir vəziyyətdir.
Elnur Bağırovun bu təşəbbüsü çox əhəmiyyətlidir, lakin çatışmayan ciddi məsələlərdən biri budur ki, onlar məsləhətləşmələr aparmadan bunu özbaşına edirlər. Çünki istehlakçı hüquqları hər bir insanın həyatına bağlı olan bir məsələdir. 30 ildir Azad İstehlakçılar Birliyi beynəlxalq istehlakçı təşkilatının üzvüdür və beynəlxalq təcrübədən geniş xəbəri var. Təəssüflər olsun ki, birlik və onun ekspertləri ilə bu məsələdə heç bir məsləhətləşmə aparılmayıb.
Dövlət orqanları vəzifələrini yerinə yetirərkən ayaqları yerdən üzülür, özlərini hamıdan ağıllı hesab edirlər. Bu, çox anormal haldır. Yaxşı olardı ki, belə hallarda ekspertlər, vətəndaş cəmiyyəti, mətbuat nümayəndələri ilə geniş məsləhətləşmələr aparılsın. Bütün bunlara baxmayaraq, bu, yaxşı təşəbbüsdür. Düşünürəm ki, hətta Nazirlər Kabinetinin 343 saylı qərarı, heç olmasa, qismən də olsa bərpa edilsə, ölkəyə gətirilən malların təhlükəsizliyi təmin olunar”.
Eyyub Hüseynov qeyd edib ki, ölkədə malların etiketlənməsi ilə bağlı ciddi problemlər var:
“Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında olan bütün malların, o cümlədən sənaye mallarının müşayiətedici sənədləri, o cümlədən pasportları xarici dillə yanaşı, milli dildə də olmalıdır. Lakin biz belə olmadığını görürük. Məsələn, elə bu gün Çin avtomobilləri ilə bağlı şikayət almışıq. İstifadə qaydaları Azərbaycan dilində deyil. Çoxsaylı belə sənaye malları, mürəkkəb texniki vasitələr və telefonlar var. Onların müşayiətedici və digər sənədləri milli dildə olmalıdır ki, insanların məlumat almaq hüququ təmin olunsun.
Malın etiketində istehsalçıya aid zəruri informasiyalar olmalıdır. Çox təəssüf ki, ölkədə küllü miqdarda qaçaqmal mövcuddur. O cümlədən parfumeriya sahəsində malların etiketləşdirilməsi ilə bağlı problemlər var, onların çox böyük hissəsi milli dildə deyil. Bu məsələlər həll olunmalıdır.
Qarşıdan 15 mart – Ümumdünya İstehlakçılar Günü gəlir. Bütün dünya bu günü qeyd edir. Çünki bazarı, dövləti, ordunu da mövcud edən biz istehlakçılarıq. Görək, bu günə hörmətli Elnur Bağırov necə hazırlaşır. Hələ ki, mediada bununla bağlı heç bir məlumat yoxdur”.
Lalə Novruz, BakuPost