Yaponiyada havaların 45 dərəcəyə qədər yüksəlməsi fonunda həddindən artıq istilərə qarşı hazırlanan “insan soyuducusu” satışa çıxarılıb.
“Bakupost” xəbər verir ki, Yaponiyanın SDRS şirkətinin hazırladığı və “Do Hiemon Box” adlanan birnəfərlik soyutma kabinəsi əsasən fabriklərdə, anbarlarda, tikinti sahələrində və açıq havada çalışan işçilər üçün nəzərdə tutulub.
Nəhəng soyuducunu xatırladan kabinənin daxili temperaturu təxminən 15 dərəcə saxlanılır. İstifadəçinin baş, boyun, çiyin və kürək nahiyəsinə isə 5 dərəcəyə yaxın soyuq hava verilir.
Təxminən 15 min 700 manata satışa çıxarılan sistem fərdi istifadəçilərdən daha çox müəssisələr üçün nəzərdə tutulub. Təkərli konstruksiyaya malik kabinə asanlıqla daşına bilir və həddindən artıq soyumanın qarşısını almaq üçün 20 dəqiqədən sonra avtomatik söndürülür.
Vüsalə Hüseynova,
BakuPost