Ru
18:40 / 14 Avqust 2020

“İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub"

2307
"İtaliyanın “La Verita” qəzeti Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktını təhrif edən, işğalçı ölkənin Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatın məsuliyyətini ölkəmizin üzərinə qoymağa çalışan Ermənistan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maria Karapetyanın məktubunu dərc etdikdən sonra, dərhal qəzetin redaksiyasına müraciət edərək, münaqişə ilə bağlı faktların kobud şəkildə təhrif edilidiyini xatırlatdım və jurnalistikanın prinsiplərinə, o cümlədən İtaliya qanunvericiliyinə uyğun olaraq bizim mövqeyimizin də yayımlanmasını xahiş etdim".

"BakuPost" xəbər verir ki, bu sözləri Haqqin.az saytına Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisdə Azərbaycan – İtaliya parlamentlərarası işçi qrupunun rəhbəri və AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Azər Kərimlinin sözlərinə görə, qəzet bir müddət sonra Azərbaycan tərəfinin mövqeyini əks etdirən məktubu dərc edib. Məktubda Ermənistan parlamentinin deputatı Ermənistan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maria Karapetyanın hadisələri məqsədyönlü şəkildə təhrif etdiyi bilirilib:

“Bununla yanaşı, məktubda Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədinin olmadığını vurğulamışdım və qeyd etmişdim ki, Azərbaycanın məqsədi Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun tezliklə işğaldan azad edilməsi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır ki, bu da çoxsaylı beynəlxalq təşkilatların sənədlərinin, o cümlədən BMT TŞ-nın dörd qətnaməsinin tələbidir. Ermənistanın isə məqsədləri bəllidir: 1) mürəkkəb daxili siyasi, iqtisadi və sosial vəziyyətdən diqqəti yayındırmaq, 2) bu hərbi təxribatlardan istifadə edərək,qısa müddət öncə Ermənistanın müdafiə nazirinin də bildirdiyi kimi, yeni ərazilər zəbt etmək, 3) münaqişəyə üçüncü tərəfləri cəlb etmək, 4) Avropanın enerji təhlükəsizliyinə töhfə verən strateji enerji nəqliyyatı infrastrukturunun keçdiyi Tovuz rayonu kimi mühüm əhəmiyyətli ərazidə qeyri-sabitlik yaratmaq. Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlamasından bir neçə ay öncə Ermənistanın belə bir hərbi avantüraya əl atması da təsadüfi sayılmamalıdır”.

Azər Kərimli bundan başqa, İtaliyanın “InTerris” analitik-xəbər portalında jurnalist Milena Castiglinin “Caritas Armenia yoxsulların yanında: Qafqazda sülh körpüsü” adlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı erməni tərəfinin mövqeyindən çıxış edən, habelə Ermənistandakı vəziyyəti həqiqətə uyğun olmayan tərzdə təqdim edən qərəzli məqaləsinə cavab olaraq italyan tədqiqatçı-jurnalist Domeniko Letizianın “Ermənistan və Azərbaycan: münaqişəni sülh yolu ilə həll etmək bu səbəbə görə mümkün olmur” adlı məqaləsinin də dərc edildiyini xatırladıb:

“Bu məqalədə Ermənistanın ağır iqtisadi və epidemioloji vəziyyətlə üzləşdiyi, bu səbəbdən ölkə rəhbərliyinin ictimaiyyətin diqqətini mövcud problemlərdən yayındırmağa məcbur olduğu, hərbi təxribatlara əl atdığı və iki ölkə arasındakı dövlət sərhədi boyu, Tovuz rayonu istiqamətində Azərbaycan ərazilərini ağır artilleriya atəşinə məruz qoyduğu bildirilir”.

Deputat qeyd edib ki, Azərbaycanın diplomatik həmlələri artdıqca, dünyanın müxtəlif ölkəlrində yaşayan həmvətənlərimiz öz tarixi vətənlərinin ədalətli mövqeyini daha fəal şəkildə müdafiə etdikcə, ermənilərin informasiya təxribatlarının sayı da artır və bu baxımdan hər cür təxribata hazır olmalı, fəallığımızı gücləndirməli və cənab Prezidentin qeyd etdiyi kimi, hücum mövqeyində dayanmalı, təşəbbüsü tamamilə ələ almalı, erməniləri müdafiə olunmağa məcbur etməliyik.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər