Mərkəzi Bank və kommersiya banklarının fiziki şəxslərin kartlarına gün ərzində maksimum 5 dəfə köçürmə qəbul etmək şərti qoyması ölkənin nağdsız ödəniş mühitində yeni mərhələnin əsasını qoydu. Rəsmi olaraq kölgə iqtisadiyyatının və vergidən yayınmanın qarşısını almağa hədəflənən bu addım, qeyri-rəsmi fəaliyyət göstərən minlərlə şəxs və kiçik biznes üçün gözlənilməz çətinliklər yaratdı.
Bəs bu qərar gündəlik iş rejimində ən çox hansı sahələrin fəaliyyətinə zərbə vurdu?
"Bakupost" xəbər verir ki, “Yeni Sabah” mövzunu araşdırıb:
Frelanserlər və distant çalışanlar
Gündəlik fəaliyyətində birdən çox fərqli müştəridən kiçik məbləğlərdə ödəniş alan frelanserlər yeni qaydalardan ilk təsirlənənlər oldu. Programçılar, dizaynerlər, SMM mütəxəssisləri, repetitorlar və ya tərcüməçilər gün ərzində 5 müxtəlif şəxsdən ödəniş qəbul etdikdən sonra 6-cı köçürməni həyata keçirə bilmirlər. Bu da xidmət haqqının vaxtında alınmasında ləngimələrə və müştəri narazılığına gətirib çıxarır.
Kuryerlər və taksi sürücüləri
Sərbəst qrafiklə işləyən kuryerlər və taksi xidməti göstərən şəxslər nağdsız ödəniş rahatlığına öyrəşmiş alıcı və sərnişinlərdən gün ərzində onlarla kart transferi qəbul edirdilər. Günlük 5 əməliyyat limiti bu sektordakı qeyri-rəsmi ödəniş mexanizmini faktiki olaraq sıradan çıxardı və sürücüləri ya nağd pul tələb etməyə, ya da rəsmi platformalara keçməyə məcbur etdi.
Sosial şəbəkə satıcıları (Instagram və TikTok mağazaları)
Azərbaycanda rəsmi mağaza sahəsi və POS-terminalı olmadan fəaliyyət göstərən minlərlə mikro-sahibkar var. Geyim, aksesuar, kosmetika və ya əl işləri satan bu şəxslər gün ərzində onlarla sifariş qəbul edirlər. Limit tətbiq edildikdən sonra satıcılar günün ortasında ödəniş qəbulunu dayandırmalı və ya müştərilərə fərqli kartlar təqdim etməli olurlar ki, bu da alıcı inamını zədələyir.
Kiçik iaşə və xidmət obyektləri
Bəzi kiçik marketlər, bərbərxanalar, kafelər və meyvə-tərəvəz köşkləri bank komissiyasından və vergi hesabatlılığından yayınmaq üçün müştərilərə POS-terminal əvəzinə "kartdan karta atın" təklifini edirdilər. Gün ərzində 5-dən çox müştərinin bu üsulla ödəniş etməsi imkansızlaşdığı üçün həmin obyektlər ya Nağd ödənişə qayıtdı, ya da rəsmi POS-terminal quraşdırmaq məcburiyyətində qaldı.
Kütləvi və xeyriyyə yığımları
Məhdudiyyət yalnız biznesə deyil, gündəlik sosial münasibətlərə də təsir etdi. Tədbir, ad günü, kollektiv hədiyyə və ya xeyriyyə məqsədilə bir kartda pul toplayan şəxslər 5-ci köçürmədən sonra bloka düşürlər. Bu da sosial təşəbbüslərin və kütləvi yığımların təşkilini mürəkkəbləşdirir.