Nağdsız ödənişlərin geniş yayılması gündəlik əməliyyatların daha sürətli və rahat həyata keçirilməsinə imkan yaradır. Kart və NFC texnologiyalarının tətbiq dairəsinin genişlənməsi həm istifadəçilərin rahatlığını artırır, həm də rəqəmsal ödəniş sistemlərinin inkişafına təkan verir.
"Bakupost" xəbər verri ki, mövzu ilə bağlı mütəxəssis Elvin Abbasov Demokrat.az-a açıqlamasında bank kartları və NFC texnologiyası vasitəsilə həyata keçirilən ödənişlərin insanların gündəlik həyatını əhəmiyyətli dərəcədə asanlaşdırdığını bildirib:
“Özü də bu ödəniş üsullarından istifadə edir və onları kifayət qədər rahat hesab edir. Müasir dövrdə smartfon və internet insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu gün internetdən asılılıq o qədər artıb ki, bir çox insan üçün onsuz gündəlik işləri idarə etmək çətinləşib. Hazırda insanların böyük əksəriyyətinin internetə çıxış imkanı var. Marketlərdə, metroda və digər məkanlarda telefon vasitəsilə rəqəmsal cüzdandan istifadə edilərək ödəniş edilirsə, bəzi hallarda internet bağlantısı lazım ola bilər. Ancaq fiziki bank kartında NFC texnologiyası mövcuddursa, əlavə internet bağlantısına ehtiyac olmadan kartı POS-terminala yaxınlaşdırmaqla ödənişi tamamlamaq mümkündür”.
O bildirib ki, bu səbəbdən mövcud sistemdə ciddi problem görünmür:
“Ödəniş xidmətlərinin rəqəmsallaşdırılması və nağdsız hesablaşmaların təşviqi müsbət istiqamətdə atılan addımdır. Belə yanaşma həm vətəndaşların işini asanlaşdırır, həm də ödəniş prosesini sürətləndirərək vaxt itkisini minimuma endirir. Eyni zamanda, insanların üzərində nağd pul və xırda gəzdirmək zərurəti də azalır. BakıKart və digər rəqəmsal ödəniş platformalarının paralel fəaliyyət göstərməsi isə bu sahədə inkişafın davam etdiyini göstərir”.