2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunda son aylarda tikinti işlərinin demək olar ki, dayandığı müşahidə olunur.
Bakupost.az xəbər verir ki, 2025-ci ildə icrasına başlanılan layihə çərçivəsində yolun keçəcəyi ərazidə yerləşən bir sıra obyektlər, o cümlədən Keşlə bazarı sökülüb. Lakin son bir neçə aydır ərazidə tikinti işlərinin aparılmadığı diqqət çəkir. Hazırda ərazidə nə texnika, nə də işçi qüvvəsi görünür.
Tikinti işlərini həyata keçirən şirkətlərdən birinin əməkdaşı bildirib ki, onlara həvalə olunan hissədə işlər 24 saat fasiləsiz davam etdirilir. Onun sözlərinə görə, hazırda işlərin dayanmış kimi göründüyü hissədə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır.
Məsələ ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə açıqlamasında bildirib ki, layihə üzrə işlər mərhələli şəkildə həyata keçirilir:
"Hazırda işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır. Layihə üzrə digər ərazilərdə nəzərdə tutulan işlərin də əvvəlcədən tərtib və təsdiq olunmuş qrafikə uyğun davam etdirilməsi planlaşdırılır. İşlərin mərhələli icrası nəqliyyatın fasiləsizliyinin təmin olunmasına, eyni zamanda mövcud yol şəbəkəsində yarana biləcək narahatlıqların minimuma endirilməsinə xidmət edir".
Qeyd edək ki, şəhər əhəmiyyətli magistral küçə kimi inşa olunan yolun ümumi uzunluğu 3 896 metr təşkil edəcək. Yolun hərəkət hissəsi altı zolaqdan ibarət olacaq və hər zolağın eni 3.5 metr nəzərdə tutulub. Layihə çərçivəsində dörd tunelin və üç yeraltı piyada keçidinin tikintisi də planlaşdırılır.