Ru
14:12 / 12 Oktyabr 2026

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə...  - Deputat
Eye

Azərbaycanın dövlət quruluşu dünyəvidir və bu, Konstitusiya ilə təsbit olunub. Təbii ki, Azərbaycan dünyəvi dövlətdirsə, ölkədə təhsil sistemi də dünyəvi xarakterli olmalıdır. Bu, təhsilin məzmununda olduğu kimi, şagirdlərin geyimində də öz əksini tapmalıdır. Burada heç bir halda vicdan azadlığının pozulmasından və yaxud dinlər arasında hansısa bir fərq qoyulmasından söhbət belə gedə bilməz.

"Bakupost" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycanda bütün insan və vətəndaş hüquq və azadlıqları təmin olunub:

“O cümlədən respublikamız tolerant mühiti ilə fərqlənir. Burada bütün xalqların və etiqadların nümayəndələri eyni hüquqlara malikdirlər. Söhbət ölkəmizdə təhsil müəssisələrinin dünyəvi xarakter daşımasından gedir və yeni qaydalar da milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün şagirdlərə aiddir. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir”.

“Burada şagirdlərarası münasibətlər kimi vacib faktoru da diqqətdən qaçırmaq olmaz. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır” – deyən millət vəkilinin fikrincə, şagirdlərə yaxşı təhsil verilməsi yalnız məktəblərin və müəllimlərin işi deyil:

“Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə, valideynlərlə məktəb arasında əlaqələr intensivləşməlidir. Valideyn məktəbə, məktəb də valideynə, ailəyə dəstək olmalıdır. Həmçinin geyim kodeksinə riayət olunmasında valideynlərin məsuliyyətinin artırılması məktəb-ailə əməkdaşlığının güclənməsinə bir töhfədir. Bu baxımdan, vahid məktəbli geyimi çox doğru olaraq təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilməlidir”.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar