Şimali Koreya Rusiya qüvvələri ilə birlikdə Ukraynaya qarşı mübarizə apararkən həlak olan əsgərləri üçün abidə tikməyə başlayıb.
Bakupost.az Koreyanın Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, KXDR lideri Kim Çen In, Rusiyanın bu ölkədəki səfiri Aleksandr Matseqora, Ukraynada həlak olan əsgərlərin ailələri “Müharibə Nailiyyətləri Abidə Muzeyi” adlandırılan layihənin təməlqoyma mərasiminə qatılıblar. Paytaxt Pxenyanda təşkil olunan mərasimdə çıxış edən Kim Çen In abidəni “həqiqi vətənpərvərlərin xatirəsinə həsr olunmuş müqəddəs bir məkan” adlandırıb.
Şimali Koreya Ukrayna müharibəsinə dəstək məqsədilə Rusiyaya minlərlə əsgər və silah-sursat göndərib. Cənubi Koreyanın təxminlərinə görə, münaqişədə ən azı 600 Şimali Koreya əsgəri həlak olub, minlərlə əsgər isə yaralanıb.
KCNA-dan verilən məlumatına görə, Kim əsgərlərinin bir ildir Kursk bölgəsində olduğunu bildirib və Rusiyanın qələbə əldə etməsinə kömək etdikləri üçün onları tərifləyib: “Heç bir təcavüzkarlığa dözməyən, təcavüzkarları əzən sarsılmaz ruhlu qəhrəmanlarımız neo-nasistləri və pis işğalçıları məhv etdilər”.
O, Şimali Koreya və Rusiya arasındakı münasibətlərin “tarixi zirvəyə çatdığını” vurğulayıb.
Kim, muzeydə Rusiyada döyüşən Şimali Koreya əsgərlərinə həsr edilmiş heykəllərlə yanaşı, müharibələri təsvir edən fotoların da yer alacağını bildirib.
Cavid, BakuPost