Ru
17:57 / 02 Oktyabr 2026

Kimyəvi məhlul gözlərini göynətdi: Masallıda məktəbdəki insident necə baş verib?

Kimyəvi məhlul gözlərini göynətdi: Masallıda məktəbdəki insident necə baş verib?
Eye

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb.

"Bakupost" xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib.
Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdən biri ehtiyatsızlıq edib və həmin məhlulu əli ilə təmizləmək istəyib. O, məhlulu təmizləyərkən məhlulun iyindən gözləri göynəyib və əli ilə səhvən gözünü silib.

Nəticədə şagirdin gözünə məhlul düşüb.

Bu və buna bənzər hadisələr göstərir ki, orta məktəblərdə kimyəvi məhlulların saxlanılması və istifadəsi qaydalarına elə də ciddi riayət olunmur, prosesə nəzarət yox səviyyəsindədir.

Nəticədə belə xoşagəlməz hadisələr baş verir.

Təhsil eksperti Məzahir Məmmədli “Bakupost”a bildirib ki, ümumtəhsil məktəblərində kimyəvi məhlul və yaxud həyata təhlükə yaradan digər elementlərin hər biri üçün saxlanma qaydaları və texnologiyaları mövcuddur:

“Bununla bağlı yerlərə, məktəblərə xüsusi təlimatlar da verilib. Baş verən bu kimi olay göstərir ki, bəzi məktəblərdə laborator şəraitdə istifadə olunan kimyəvi maddələrə nəzarət aşağı səviyyədədir. Masallı məktəbində baş verən olaydan digər məktəblər də sığortalanmayıb”.

Ekspertin sözlərinə görə, bu və ona oxşar hadisələr digər məktəblərdə də baş verə bilər: “Belə hadisələrin həmçinin laborator şəraitin lazımi səviyyədə olmasından asılı olmayaraq baş verməsi də mümkündür. Çünki şagirdlərin həmin anda necə davranacağını öncədən proqnozlaşdırmaq mümkün deyil. O mənada bu kimi məsələlər digər məktəblərdə də təcrübə baxımından bölüşülməlidir ki, digərləri də bundan nəticə çıxara bilsinlər. Belə hadisələrin gizlədilməsi deyil, işıqlandırılması və olduğu kimi çatdırılması da vacibdir ki, digər məktəblər laboratoriyada istifadə olunan element və alətlərin saxlanılma qaydalarına riayət etsinlər. Bütün məktəblərdə yaranmış vəziyyətlə bağlı hesabatlar verilməlidir ki, digərləri də bundan nəticə çıxarıb, kəmyəvi maddlərin istifadəsi, saxlanılması qaydalarına ciddi əməl etsinlər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar