Ukraynanın paytaxtı Kiyevə Rusiya tərəfindən həyata keçirilən hücum nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb. Şəhərin bir neçə rayonunda pilotsuz uçuş aparatlarının qalıqlarının düşdüyü qeydə alınıb.
"Bakupost" xəbər verir ki, Kiyevin Svyatoşin rayonunda hücum nəticəsində 5 avtomobil və qaraj kooperativinin ərazisində yerləşən qeyri-yaşayış binası yanıb.
Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Həmçinin Solomenski və Qoloseyevski rayonlarında PUA qalıqlarının düşdüyü ərazilər müəyyənləşdirilib.
Kiyev meri Vitali Kliçko bildirib ki, sentyabrın 15-də səhər saatlarından etibarən şəhərə endirilən zərbələr nəticəsində ümumilikdə 1 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
Onun sözlərinə görə, yaralılardan 6-sı şəhər xəstəxanalarında stasionar müalicəyə yerləşdirilib. Digər şəxslərə isə tibbi yardım ambulator şəraitdə və hadisə yerində göstərilib.