Ru
16:07 / 03 Sentyabr 2026

Kiyevin Rusiya hava məkanını hədəf alması: Moskva geri çəkiləcək?

Kiyevin Rusiya hava məkanını hədəf alması: Moskva geri çəkiləcək?
Eye

Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəli olması ilə bağlı xəbərdarlıqlarından sonra Moskvanın Vnukovo və Şeremetyevo hava limanları ardıcıl ikinci gecə fəaliyyətini dayandırıb.

“Bakupost” xəbər verir ki, “Rosaviasiya” təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlərin tətbiq edildiyini bildirib. Məlumata görə, nəticədə bu günə qədər “Şeremetyevo” aeroportunda 21 uçuş ləğv edilib və 235 uçuş isə gecikib. “Vnukovo” aeroportunda isə da 22 uçuş ləğv edilib və 94 uçuş gecikib.

Qeyd edək ki, sentyabrın 1-də Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında aviaşirkətlərə və sığortaçılara Ukraynanın Rusiya hərbi qüvvələrinin mülki infrastrukturlara hücumlarına cavab olaraq Rusiya ərazisinə dron hücumlarını gücləndirəcəyi barədə xəbərdarlıq edib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) təhlükəli Rusiya hava məkanı barədə rəsmi olaraq məlumatlandırıb.

Görəsən, Kiyevin bu addımı prosesdə nələrə gətirib çıxara bilər?

Siyasi şərhçi Məhəmməd Əsədullazadə “Bakupost”a bildirib ki, Ukrayna Prezidentinin Rusiya hava məkanının artıq təhlükəli olduğunu, PUA-la bu ölkəyə geniş həcmli zərbələrin endiriləcəyini vurğulaması daha böyük müstəvidə beynəlxalq ictimaiyyətin diqqətini davam edən müharibəyə yönəltmək, savaşa son qoymaq üçün Moskvaya təzyiqlərin artırılmasına nail olmağa hesablanmış addımdır:

“Sözügedən xəbərdarlıq mülki aviasiya üçün təhlükəlidir. Ona görə də yaranmış vəziyyətdə Rusiyaya uçuşlar əhəmiyyətli səviyyədə dayanacaq. Rusiyaya turist və sərnişinlərin gedişinə ciddi təsir göstərəcək. Həmçinin, Rusiyadan başqa ölkələrə uçuşlarda da anoloji vəziyyət yaranacaq. Bütün bunlar son olaraq Rusiyanın iqtisadi imkanlarını daha da daraldacaq”.

Müsahibimiz addımın müharibənin gedişinə ciddi təsir edəcəyini isə düşünmür:

“Amma bu, Moskvanın öz siyasətində müəyyən dərəcədə korrektlər etməsinə gətirib çıxara bilər”.

Bununla yanaşı, ekspert hesab edir ki, Rusiya öz növbəsində daha da aqressivləşəcək:

“O da öz növbəsində Ukrayna aeroportlarını vura bilər. Putin də yaranan vəziyyətə rəğmən geriyə doğru hansısa bir addım atmayacaq. Əksinə, prosesi təbliğat maşınına çevirərək, NATO hücumlarının artdığını bəyan etməklə, hərbi səfərbərliyi daha da genişləndirəcəklər”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar