Ru
17:40 / 21 Oktyabr 2026

Kiyevin Vaşinqtondan asılılığı: Beyin və peyk kəşfiyyatı boşluğu necə dolacaq?

Kiyevin Vaşinqtondan asılılığı: Beyin və peyk kəşfiyyatı boşluğu necə dolacaq?
Eye

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı yenidən təzyiqlərə start verməsi və onun Moskvaya münasibətdə yumşalması belə təəssürat yaradır ki, Vaşinqton daha sözə baxmayan Kiyevə dəstək verməyəcək.
Amma belə bir versiyanı Avropa İttifaqı ölkələrilə bağlı söyləmək hələlik mümkün deyil. Aİ əvvəlki kimi Kiyevə dəstək olmaqda davam edir.

ABŞ özünü kənara çəksə, Aİ təkbaşına Ukraynaya dəstək məsələsinin öhdəsindən gələ bilərmi?

Siyasi şərhçi Elçin Alıoğlu “Bakupost”a bildirib ki, Vaşinqton Kiyevə dəstəyi tam dayandırsa, Aİ iqtisadi baxımdan Ukraynanı ayaqda saxlamaq gücündədir.

Amma müsahibimiz hərbi-texnoloji baxımdan bunu mümkünsüz hesab edir:

“Aİ-nin problemi pul azlığında deyil. Problem həmin pulu vaxtında silaha, siyasi qərarı isə real hərbi üstünlüyə çevirmək bacarığının az olmasıdır. Rəqəmlər də bu ziddiyyəti göstərir. Aİ bu il və gələn il üçün Ukraynanın büdcə və müdafiə ehtiyaclarına 90 milyard avroluq kredit mexanizmini təsdiqləyib. Avropa Müdafiə Agentliyi isə dövlətlərin 2025-ci ildə müdafiə xərclərini 381 milyard avro miqdarında proqnozlaşdırıb. Belə iqtisadi rıçaqlara malik qurum təbii ki, Ukraynanın dövlət aparatı və hərbi əməliyyatlarını maliyyələşdirə bilər. Amma milyardlarla avro döyüş qabiliyyətinin sinonimi deyil”.

Ekspertin sözlərinə görə, ABŞ yaxasını kənara çəksə, Avropa bu boşluğun bir qismini doldura bilər, amma hamısını əvəzləyə bilməyəcək:

“Ukrayna Amerikanın peyk kəşfiyyatı, raket hücumlarından erkən xəbərdarlıq sistemlərindən ciddi asılıdır. Avropa isə bu boşluğun bir qismini doldura bilər, amma hamısını əvəzləyə bilməz. Oktyabrda kəşfiyyat məlumatları, “Starling” rabitəsi və silah tədarükü ətrafındakı fasilələr bu asılılığın təhlükəsini göstərdi”.

Aİ-nin vahid dövlət olmaması da müsahibimizə görə bu məsələdə problem yaradır:

“Müharibə Brüsseldə uzun müzakirələrin bitməsini gözləmir. Avropa təkbaşına Rusiyanı məğlub edə bilər. Amma bu sürətdə hərəkət etmək qarşı tərəf üçün hərbi məğlubiyyət ssenarisi deyil. Sanksiyalar, Ukraynaya göstərilən dəstək təbii ki, Moskvanın müharibə aparmaq imkanlarını tədricən daraldır”.

Müsahibimiz deyir ki, Çin və Hindistanın Rusiya ilə əlaqələri saxlaması fonunda Avropa sanksiyaları Rusiyanın təslimçiliyinə səbəb olmur:

“Kremlin ümid etdiyi əsas üstünlük Avropanın yorulması və parçalanmasıdır. Moskvanı zəiflətmək istəyən Qərb əvvəlcə öz qərarsızlığına son qoymalıdır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar