Hollivud ulduzu Ağ Evin reaksiyasını da ələ saldı.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, məşhur aktyor Corc Kluni ABŞ prezidenti Donald Trampın açıqlamalarını sərt tənqid edərək onu mümkün hərbi cinayətlərdə ittiham edib.
“The Hollywood Reporter”ə verdiyi açıqlamada “Oskar” mükafatçısı bildirib ki, hazırkı vəziyyətdə hakimiyyətin reaksiyası yersiz və səviyyəsizdir:
“İnsanlar yaxınlarını itirir. Uşaqlar ölür. Dünya iqtisadiyyatı təhlükə altındadır. Bu, ciddi müzakirələr vaxtıdır, uşaq kimi təhqirlər yox”.
Kluni eyni zamanda Ağ Evin ona yönəltdiyi tənqidlərə ironik cavab verib:
“Məni uğursuz aktyor adlandırmaq onların müdafiəsidir? Bununla razıyam - xüsusilə ‘Betmen və Robin’dən sonra”.
Qalmaqal Trampın İranla bağlı sərt açıqlamasından sonra başlayıb. ABŞ prezidenti bildirmişdi ki, əgər Tehran Vaşinqtonun şərtlərini qəbul etməsə, “bütöv bir sivilizasiya bir gecədə yox ola bilər”.
Kluni bu sözləri İtaliyada məktəblilər qarşısında çıxışı zamanı tənqid edərək deyib:
“Əgər kimsə bütöv bir sivilizasiyanı məhv etməkdən danışırsa - bu, hərbi cinayətdir”.
Ağ Ev isə aktyorun bu sözlərinə sərt reaksiya verib. Kommunikasiya direktoru Stiven Çenq sosial şəbəkədə yazıb ki, “yeganə cinayət Kluninin pis filmləridir”.
Buna baxmayaraq, aktyor geri çəkilməyərək müzakirənin şəxsi hücumlardan daha ciddi məsələlərə yönəlməli olduğunu vurğulayıb.