İraq və Türkiyə arasında neft kəməri ilə bağlı yeni saziş imzalana bilər.
“Bakupost” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Nazirin sözlərinə görə, İraq tərəfi neft kəmərinin gündəlik ötürmə gücünün 750 min barelə çatdırılmasını istəyir. Hazırda kəmərlə gündə 180–200 min barel neft nəql olunsa da, Türkiyə bu həcmi təmin etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, Bağdadda keçirilən görüşdə kəmərin ötürmə gücünün gələcəkdə gündəlik 2,5 milyon barelə qədər artırılması da müzakirə olunub. Bununla yanaşı, Körfəz ölkələrinin neftinin bu marşrutla daşınması və kəmərin paralelində təbii qaz xəttinin tikilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.
Xatırladaq ki, İraq-Türkiyə neft kəmərinin fəaliyyəti son illərdə arbitraj qərarı, zəlzələ və regional gərginlik səbəbindən bir neçə dəfə dayandırılıb.
Vüsalə Hüseynova,
BakuPost