ABŞ-nin İranın sahillərindəki hədəflərə endirdiyi zərbələr və İran İnqilab Keşikçiləri Korpusunun Küveyt və Bəhreyndəki Amerika bazalarına qarşı raket və pilotsuz təyyarə hücumlarından sonra region yüksək hazırlıq vəziyyətindədir.
“Bakupost” xarici KİV-lərə istinadən xəbər verir ki, İranın Körfəz ölkələrindəki Amerika bazalarına hücumlarından sonra Vaşinqton və Təl-Əviv administrasiyalarının bölgədəki ABŞ hərbi bazalarını İsrailin cənubundakı Nəcəf Çölünə köçürməyi planlaşdırdığı bildirilib.
"Israel Hayom" qəzetinin məlumatına görə, Yaxın Şərqdəki Amerika bazalarının İsrailə köçürülməsi ehtimalı kabinet iclasında müzakirə edilib.
Lakin hələlik yekun qərar verilməyib və tərəflər arasında müzakirələr davam edir. ABŞ-nin Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə bazaları var və bunların hamısı İranın raket mənzilindədir.
Məlumata görə, İsrail Amerika baxımından bir sıra açıq üstünlüklər təklif edir.
Yaxın Şərqdəki "əsas əməliyyat sahələrinə" coğrafi yaxınlıq, sıx təhlükəsizlik və kəşfiyyat əməkdaşlığı, inkişaf etmiş texnoloji infrastruktur, Amerikapərəst əhali və hava hücumundan müdafiə sistemi.
Potensial üstünlüklərə əlavə olaraq, İsraildə daimi və geniş Amerika bazasının olması, xüsusən də ABŞ ilə birbaşa qarşıdurma halında, ölkəni İran və bölgədəki digər aktyorlar üçün daha da əhəmiyyətli bir hədəfə çevirə bilər.
Müzakirələrdə qaldırıla biləcək digər bir məsələ, belə bir addımın İsrailin hərəkət azadlığına nə dərəcədə təsir göstərə biləcəyidir.
Amerika qüvvələrinin və infrastrukturunun İsrail torpağında yerləşdirilməsi Vaşinqtonun İsrailə qarşı təhlükəsizlik öhdəliyini gücləndirə bilər, eyni zamanda, gələcəkdə Amerikanın Təl-Əvivə ölkədə yerləşən ABŞ qüvvələrini təhlükə altına qoya biləcək hərbi əməliyyatlardan yayınmaq üçün təzyiq göstərməsinə səbəb olar.
Bahar Babaşova,
BakuPost