Ru
18:53 / 14 Sentyabr 2026

Kredit borcunun maaşdan tutulması ilə bağlı qayda açıqlandı

Kredit borcunun maaşdan tutulması ilə bağlı qayda açıqlandı
Eye

Məhkəmə qərarı ilə kredit borcunun tutulması barədə icra sənədi təqdim edildikdə borclunun qarşısında borcun ödənilməsi ilə bağlı öhdəlik yaranır. İcra məmurunun borcun müəyyən müddət ərzində tam ödənilməsini tələb etdiyi hallarda isə borclunun maaşından hissə-hissə tutulmanın mümkün olub-olmaması sual doğurur.

Bəs məhkəmə qərarı ilə yaranan kredit borcu hansı qaydada və hansı müddətdə ödənilməlidir? Borclunun gəlirindən hissə-hissə tutulma hansı hallarda tətbiq oluna bilər?

"Bakupost" xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında icra məmurunun vətəndaşa 10 günlük müddət verdiyini və bu müddət ərzində borcun könüllü şəkildə, yəni tam olaraq ödənilməsini bildirdiyini deyib.

Onun sözlərinə görə, əgər vətəndaş həmin 10 gün ərzində borcun hamısını ödəyirsə, bu, könüllü icra hesab olunur və həmin halda vətəndaşdan əlavə icra haqqı tutulmur:

“Lakin vətəndaş 10 gün ərzində borcu tam şəkildə ödəyə bilmirsə, bu zaman artıq məcburi icra prosesi tətbiq oluna bilər. Borc vətəndaşın əməkhaqqından, pensiyasından və ya qanunvericilikdə nəzərdə tutulan digər gəlirlərindən hissə-hissə tutula bilər.

Bu proses üçün konkret olaraq “bir il ərzində mütləq başa çatmalıdır” və ya “iki il müddətinə qədər davam edə bilər” kimi vahid müddət nəzərdə tutulmur. Müddət borcun məbləğindən, şəxsin gəlirlərindən və hər ay ödənilən məbləğdən asılı olaraq dəyişir. Yəni borc tam bağlanana qədər bu proses bir il, iki il, üç il, hətta daha uzun müddət davam edə bilər.

Burada vətəndaş üçün əsas fərq ondan ibarətdir ki, borc könüllü şəkildə 10 gün ərzində tam ödənilmədikdə, artıq məcburi icra tədbirləri tətbiq olunur. Bu halda borcdan əlavə icra haqqı da tutulur. Yəni vətəndaş borcunu hissə-hissə ödədikcə, icra prosesinin həyata keçirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan əlavə ödəniş də yaranır.

Bu əlavə icra haqqının tətbiq edilməsinin səbəbi ondan ibarətdir ki, artıq borclu şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyi könüllü şəkildə yerinə yetirməyib və həmin qərarın məcburi qaydada həyata keçirilməsi zərurəti yaranıb.

İcra məmuru da məhkəmə qərarının icrasını təmin etmək üçün qanunla müəyyən edilmiş məcburi icra tədbirlərini həyata keçirir. Bu səbəbdən həmin proses çərçivəsində icra haqqının tutulması nəzərdə tutulur”, - deyə Əkrəm Həsənov fikrini tamamlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar