Şəkidə 60 yaşlı kişi işə gedərkən küçə itlərinin hücumuna məruz qalıb.
“Bakupost” xəbər verir ki, hadisə avqustun 6-da şəhər mərkəzində baş verib. 1967-ci il təvəllüdlü Yusif Ağammədzadənin burnunun bir hissəsi itlərin hücumu nəticəsində qoparılıb.
Hazırda ambulator müalicə alan Y. Ağammədzadə nəfəs almaqda çətinlik çəkdiyini bildirib. Ailə üzvlərinin sözlərinə görə, onlara qısa müddətdə əməliyyat olunmadığı halda zədələnmiş nahiyədə çürümə yarana biləcəyi deyilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, pasiyentə burunun uc hissəsinin və sağ burun qanadının yumşaq toxuma və qığırdaq defekti diaqnozu qoyulub. İlkin tibbi yardım göstərilib, yara ilkin cərrahi işlənib və quduzluq əleyhinə vaksinasiya aparılıb. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicəyə buraxılıb.
TƏBİB-dən isə qeyd olunub ki, total burun rekonstruksiyası, eləcə də digər rekonstruktiv və plastik burun əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil.
Lalə, BakuPost