Ru
16:25 / 30 Sentyabr 2026

Kürmük məbədi ətrafında gərginlik: Gürcüstan Patriarxlığı nə etməyə çalışır?

Kürmük məbədi ətrafında gərginlik: Gürcüstan Patriarxlığı nə etməyə çalışır?
Eye

Gürcüstan Pravoslav Kilsəsinin Patriarxlığı sentyabrın 24-də Azərbaycanın Qax rayonundakı Kürmük məbədi (gürcü mənbələrində – Qurmuxi Müqəddəs Georgi kilsəsi) ilə bağlı bəyanat yayaraq abidə və ətraf ərazidə aparılan işlərdən narahatlıq ifadə edib.

Burada onlar abidəni "tarixi Hereti" bölgəsində yerləşən gürcü mənəvi və mədəni irsinin mühüm nümunəsi kimi təqdim ediblər.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Gürcüstan Patriarxlığının bəyanatını kəskin tənqid edərək bunu Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirib.

Burada Azərbaycan ərazisindəki coğrafi və tarixi adların başqa adlarla təqdim olunmasının qəbuledilməz olduğu qeyd edilib. Bu əsasda da Gürcüstan dini qurumlarına iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinmək, Ermənistan kilsəsinin praktikasını təkrarlamamaq tövsiyə olunub.

Gürcü Patriarxlığından fərqli olaraq, Gürcüstanın baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib ki, Azərbaycanla Gürcüstan hökumətləri arasında hər hansı bir gərginlik yoxdur, bütün məsələlər dostluq mühitində həll edilir.

Gürcüstan partiarxlığının bu əsası olmayan əndişəsi nədən qaynaqlanır? Onu qıcıqlandıranlar kimlərdir?

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Bakupost”a bildirib ki, Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı son bəyanatı ilk növbədə dini və mədəni məsələnin siyasi müstəviyə keçirilməsi baxımından narahatlıq doğurur:

“Azərbaycanın Qax rayonunda yerləşən məbədlə bağlı Gürcüstan tərəfinin Azərbaycanla razılaşdırılma məsələsini gündəmə gətirməsi və məbədi “tarixi Hereti” kontekstində təqdim etməsi təbii olaraq suallar yaradır. Azərbaycan Xarici İşlər Nazirliyinin də qeyd etdiyi kimi, başqa ölkənin ərazisində yerləşən tarixi və coğrafi toponimlərin alternativ adlarla təqdim edilməsi qəbuledilməzdir”.

Deputatın sözlərinə görə, müəyyən dairələr tarixi və dini məsələlərdən istifadə edərək ictimai rəydə yanlış təsəvvürlər formalaşdırmağa çalışırlar:

Bu yanaşmanın nədən qaynaqlandığını dəqiq demək üçün konkret faktlar olmalıdır. Lakin burada müəyyən dairələrin tarixi və dini məsələlərdən istifadə edərək ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa çalışması ehtimalını da nəzərdən qaçırmaq olmaz. Xüsusilə Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin mövcud olduğu bir vaxtda belə həssas məsələlərin emosional və birtərəfli formada gündəmə gətirilməsi münasibətlərə xidmət etmir. Dini qurumların da bu məsələlərə yanaşarkən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipini nəzərə alması vacibdir”.

A.Əlizadə qeyd edir ki, Gürcüstan Baş nazirinin Azərbaycanla Gürcüstan hökumətləri arasında hər hansı gərginliyin olmadığını və məsələlərin dostluq mühitində həll edildiyini bildirməsi isə mühüm məqamdır:

“Bu da göstərir ki, ayrı-ayrı bəyanatları iki ölkənin bütövlükdə münasibətlərinə şamil etmək düzgün olmaz. Azərbaycan-Gürcüstan münasibətləri həm xalqlarımızın tarixi əlaqələri, həm də regionda formalaşan strateji əməkdaşlıq baxımından daha böyük əhəmiyyət daşıyır. Ona görə də belə məsələlərin qarşılıqlı hörmət, dialoq və faktlara əsaslanan yanaşma ilə həll olunması hər iki tərəfin marağındadır”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar