Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sistemində çalışanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımdır.
"Bakupost" xəbər verir ki, bu barədə Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, maaşların artırılması yalnız həkimlərin deyil, orta və kiçik tibb işçilərinin əməyinin də layiqincə qiymətləndirilməsinə xidmət edəcək.
Ayaz Hüseynov qeyd edib ki, regionlardakı dövlət xəstəxanalarında həkim çatışmazlığı və kadr təminatı ilə bağlı problemlər mövcuddur:
“Maaşların artırılması məhz bu bölgələrdə fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün güclü bir stimul olacaq və kadr çatışmazlığını aradan qaldırmağa kömək edəcək.”
Onun sözlərinə görə, orta tibb işçilərinin əməkhaqlarının artırılması pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinə və diaqnostikanın dəqiqliyinə də müsbət təsir göstərə bilər.
Həkim əlavə edib ki, tibb peşəsinin cəlbediciliyinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi pasiyent məmnuniyyətinin təmin olunmasında əsas amillərdəndir.
Ayaz Hüseynov TƏBİB-in bu addımının ölkədə səhiyyənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.