Ru
16:45 / 05 Avqust 2026

Maaş, pensiya və müavinətlər yenidən artırılacaq?

Maaş, pensiya və müavinətlər yenidən artırılacaq?
Eye

2026-cı ilin ilk yarısında dövlət büdcəsinin sosial xərclərinin əhəmiyyətli dərəcədə artırılması maaş, pensiya və sosial müavinətlərlə bağlı gözləntiləri yenidən gündəmə gətirib.

Sosial sahəyə ayrılan vəsaitin artması əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni addımların atılacağı ilə bağlı müzakirələri gücləndirir. Bununla yanaşı, ilin ikinci yarısında hökumətin bu istiqamətdə hansı qərarları verəcəyi maraq doğurur.

İlin ikinci yarısında maaş, pensiya və sosial müavinətlər artırıla bilər? Sosial ödənişlərin artırılması üçün hazırkı iqtisadi şərait kifayət edirmi?

“Bakupost” xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli 2026-cı ilin ilk yarısında sosial xərclərin artması dövlətin sosial siyasətə prioritet verdiyini göstərdiyini bildirib. Bununla belə, büdcədə sosial xərclərin artması avtomatik olaraq ilin ikinci yarısında maaş, pensiya və sosial müavinətlərin yenidən artırılacağı anlamına gəlmir.

Onun sözlərinə görə, belə qərarlar adətən dövlət büdcəsinin icrası, neft gəlirlərinin səviyyəsi, inflyasiya, iqtisadi artım və fiskal imkanlar nəzərə alınmaqla qəbul edilir: “Əgər ilin ikinci yarısında büdcə gəlirləri proqnozlaşdırılandan yüksək olarsa, xüsusilə enerji sektorundan daxilolmalar sabit qalsa və inflyasiya əhalinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərərsə, hökumətin müəyyən sosial paketlər açıqlaması mümkündür. Bu, minimum əməkhaqqı, minimum pensiya və ya bəzi sosial müavinətlər üzrə mərhələli artımlar şəklində ola bilər”.

A.Nəsirli qeyd edib ki, hazırkı iqtisadi şərait müəyyən imkanlar yaratsa da, eyni zamanda ehtiyatlı yanaşmanı da tələb edir: “Qeyri-neft gəlirlərinin artması və vergi daxilolmalarının yüksəlməsi müsbət amillərdir. Digər tərəfdən, qlobal iqtisadi qeyri-müəyyənlik, enerji qiymətlərində mümkün dəyişikliklər və inflyasiya riskləri dövlətin əlavə sosial öhdəliklər götürərkən balanslı qərarlar verməsini zəruri edir”.

Ekspert sonda vurğulayıb ki, sosial ödənişlərin artırılması yalnız büdcə imkanları ilə deyil, həm də makroiqtisadi sabitliyin qorunması ilə uzlaşdırılmalıdır: “Çünki gəlirlərin əsassız artırılması inflyasiya təzyiqlərini gücləndirə və sosial artımların real təsirini azalda bilər. Buna görə də hökumətin qərarları, böyük ehtimalla, həm iqtisadi göstəricilərin dinamikasına, həm də ilin sonuna doğru büdcənin icra nəticələrinə əsaslanacaq”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar