Venesuela Prezidenti Nikolas Maduro amerikalı repçi Sean Combsun (P. Diddy) vəkili Anna Estevaonu hüquq komandasına cəlb edib.
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
“Estevao ABŞ-ın Nyu-York Cənub Dairə Məhkəməsinə təqdim edilən rəsmi bildirişlə Maduronun müdafiə heyətinə daxil edilib. Maduro həmin məhkəmədə narkoterrorizm və narkotik ticarəti ilə bağlı ittihamlarla üzləşir.
Anna Estevao daha əvvəl P. Diddinin müdafiəsində iştirak edib və məhkəmə prosesində musiqiçinin insan alveri və seksual istismar məqsədli ticarət kimi ən ağır ittihamlardan bəraət almasına nail olan hüquq komandasının üzvü olub”, – deyə bildirilib.
Agentliyin məlumatına görə, Maduro iyunun 30-na təyin edilmiş növbəti məhkəmə iclası ərəfəsində müdafiəsini gücləndirir.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat nəticəsində Maduro saxlanılaraq ABŞ-a aparılıb. O, narkokartel idarə etmək, narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittiham olunur, lakin bütün ittihamları rədd edir. Hazırda Maduro Nyu-Yorkun Bruklin rayonundakı istintaq təcridxanasında saxlanılır.
“Axios”un məlumatına görə, Maduro vaxtilə P. Diddinin də saxlanıldığı Bruklin təcridxanasında yerləşdirilib.