“Veneseuala Prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-yə aparılması Çinin kəskin reaksiyasına səbəb olub. Pekini həm də o narahat edir ki, Maduro oğurlanmadan bir gün əvvəl paytaxt Karakasda Çindən gələn nümayəndə heyətini qəbul etmişdi. Deməli, Vaşinqton Maduronun oğurlanmasını planlayarkən, Çinlə Venesuela arasındakı sıx əlaqələri nəzərə almayıb”.
Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Çin üçün Venesuela Amerika qitəsində möhkəmlənmək üçün vasitə idi:
“Ona görə də Maduronun oğurlanaraq ABŞ-yə aparılması Çinin maraqlarına da ciddi zərbədir. Nikolas Maduro 2023-cü ildə Pekində Çin lideri Si Cinpinlə görüşündə ikitərəfli münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini bəyan etmişdi. İki liderin 2025-ci ilin may ayında Moskvada keçirilən son görüşü zamanı Si Cinpin Maduroya bildirmişdi ki, Çin Venesuela ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır. O, bunu da söyləmişdi ki, Pekin Venesuelanın dövlət suverenliyini və sosial sabitliyinin qorunmasını qətiyyətlə dəstəkləyəcək”.
E.Şahinoğlu bildirib ki, ABŞ Venesuela üzərində nəzarəti əldə etdikdən sonra bu ölkənin Kuba, Rusiya, İran və Çinlə münasibətlərini zəiflətməyə çalışacaq:
“Bunu həmin ölkələr də anlayırlar. Çinin Venesueladakı milyardlarla dollar yatırımlarının gələcəyi sual altındadır. ABŞ Venesuelada müxtəlif layihələr həyata keçirən Çin şirkətlərinin fəaliyyətinə məhdudiyyətlər qoya bilər. Misal üçün, Çinin neft şirkətlərindən biri 2024-cü ildə 1 milyard dollar yatırımla Venesuela hökuməti ilə 20 illik müqavilə imzalamışdı.
Pekinin ABŞ vasitəsilə Venesuela neftini alıb-almayacağı və ya Çinlə Venesuela arasındakı mövcud razılaşmaların davam edib-etməyəcəyi hələlik məlum deyil. Çin Venesuelanın ən böyük kreditoru və ən böyük neft alıcısıdır, bu xam neft ixracının 80 faizindən çoxunu təşkil edir. Çin bundan başqa Si Cinpinin həyata keçirdiyi "Bir Kəmər, Bir Yol" Təşəbbüsü çərçivəsində Venesuelada mədənçilik və infrastruktur sahələrində əsas investorudur. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarətin həcmi 6,4 milyard ABŞ dollarına çatmışdı ki, bu ondan əvvəlki illər müqayisədə 52,5 faiz artım demək idi. Venesuelanın Çinə təxminən 12 milyard dollar borcu olduğu təxmin edilir. Əlbəttə, bu Çin üçün böyük vəsait deyil, ancaq bu Pekinin iqtisadi fəaliyyətinin daralması deməkdir.
Pekin ABŞ-dan Maduro və onun həyat yoldaşının sərbəst buraxılmasını tələb edib. Aydındır ki, bunun reallaşması mümkün deyil. Bunu Pekin də anlayır. Buna baxmayaraq, Pekin çalışacaq ki, Venesuelada formalaşacaq yeni hakimiyyət Vaşinqtonun təzyiqləri qarşısında Çinlə iqtisadi əlaqələrdən imtina etməsin. Bunun alınıb-alınmayacağını gələcək aylar göstərəcək”.
Yasəmən,
BakuPost