Dövlət İmtahan Mərkəzi (DİM) 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul müsabiqəsinin nəticələrini elan edib.
"Bakupost" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, bakalavrlar imtahanın nəticələrini mobil operatorlar (Azercell, Bakcell və Nar) vasitəsilə öyrənə bilərlər. Bunun üçün ixtisaslaşma seçimi ərizəsi səhifəsində göstərilən 7 rəqəmli kodu 7727 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.
Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10 510 nəfər ali təhsil müəssisələrinin cari, 3 335 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək my.gov.az portalı üzərindən elektron qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçməyən şəxslərin bu ixtisas üzrə təhsil almaqdan imtina etdiyi hesab olunacaq və onların adları qəbul olunanların siyahısından çıxarılacaq.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı barədə məlumat isə DİM tərəfindən daha sonra elan ediləcək.