Ru
19:28 / 11 Sentyabr 2026

Maşın almaq istəyənlərin diqqətinə — Payızda qiymətlər dəyişəcək

Maşın almaq istəyənlərin diqqətinə — Payızda qiymətlər dəyişəcək
Eye

Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, avqust ayında avtomobil bazarında median qiymət 16 800 manat olub və aylıq müqayisədə 1,2 faiz azalıb. Eyni zamanda, “Nissan X-Trail”in median qiyməti son 8 ayda 14,5 faiz, “Chevrolet Cobalt”ın qiyməti isə 13,8 faiz ucuzlaşıb.

"Bakupost" xəbər verir ki, Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında payız aylarında Azərbaycanda avtomobil bazarında qiymətlərin ucuzlaşmasının gözlənilmədiyini bildirib.

Onun sözlərinə görə, əksinə, bir sıra amillərin təsiri ilə yaxın aylarda avtomobillərin qiymətində müəyyən artımın müşahidə olunması mümkündür:

“Burada əsas təsiredici amillərdən biri dünyada daşınma və logistika xidmətlərinin qiymətlərinin yüksəlməsidir.

Avtomobillərin xarici ölkələrdən Azərbaycana gətirilməsi zamanı daşınma, logistika, sığorta və digər əlavə xərclər avtomobilin son satış qiymətinə birbaşa təsir göstərir. Qlobal logistika xərclərinin artması avtomobillərin idxal qiymətinin yüksəlməsinə səbəb olduğundan, bu amilin yerli bazarda da qiymətlərə təsir göstərməsi mümkündür. Xüsusilə xaricdən gətirilən avtomobillərdə logistika xərclərinin maya dəyərindəki payı nəzərə alındıqda, daşınma qiymətlərindəki dəyişikliklərin son istehlakçıya da yansımaması çətinləşir.

Bununla yanaşı, Azərbaycanda avtomobil bazarında mövsümi faktor da mühüm rol oynayır. Yay ayları ilə müqayisədə payızın başlanması ilə avtomobillərə tələbatın artması müşahidə olunur. Sentyabr və oktyabr ayları ənənəvi olaraq avtomobil bazarında aktivliyin yüksəldiyi dövr hesab edilir. Bu aylarda həm yeni avtomobil, həm də ikinci əl avtomobil almaq istəyənlərin sayında artım baş verir.

Tələbatın yüksəlməsi bazarda qiymətlərin formalaşmasına da təsir edir. Mövcud tendensiyalara əsasən, sentyabr-oktyabr aylarında avtomobillərin qiymətlərində təxminən 5 faiz civarında artım müşahidə oluna bilər. Bu artım bütün avtomobillər üçün eyni səviyyədə olmasa da, bazarın ümumi dinamikasında özünü göstərə bilər. Xüsusilə alıcı tələbinin yüksək olduğu, bazarda daha çox axtarılan və likvid modellərin qiymətində dəyişiklik ehtimalı daha yüksəkdir”.

Eldəniz Cəfərov əlavə edib ki, digər tərəfdən, avtomobil bazarında qiymətlərin yalnız tələbatla müəyyənləşmədiyini də nəzərə almaq lazımdır:

“Avtomobilin istehsal olunduğu ölkə, buraxılış ili, yürüşü, texniki vəziyyəti, mühərrik və komplektasiya xüsusiyyətləri, həmçinin həmin modelə bazarda olan maraq qiymətə təsir edən əsas amillər sırasındadır. Buna görə də payız aylarında bazarda ümumi qiymət artımı baş versə belə, ayrı-ayrı avtomobil modellərində fərqli dinamika müşahidə oluna bilər.

Xüsusilə ikinci əl avtomobil bazarında alıcıların seçim imkanları və qiymət həssaslığı da mühüm əhəmiyyət daşıyır. Tələbatın artması satıcıların qiymətləri yüksəltməsinə şərait yarada bilər. Lakin avtomobilin qiymətinin bazar dəyərindən əhəmiyyətli dərəcədə yuxarı müəyyənləşdirilməsi satış müddətinin uzanmasına da gətirib çıxara bilər. Bu baxımdan, qiymət artımının real bazar tələbi ilə nə dərəcədə dəstəklənməsi mühüm məsələdir.

Bazarın digər seqmentində isə yeni avtomobillərin qiymətləri əsasən idxal xərcləri, valyuta məzənnəsi, istehsalçı qiymətləri, gömrük ödənişləri və logistika xərcləri ilə əlaqəlidir. Xaricdən gətirilən avtomobillərin maya dəyərində hər hansı artımın baş verməsi yeni avtomobillərin satış qiymətlərinə də təsir göstərə bilər. Bu isə öz növbəsində ikinci əl avtomobil bazarına da müəyyən təzyiq yarada bilər.

Beləliklə, payız aylarında avtomobil almağı planlaşdıran şəxslərin qiymətlərin ucuzlaşacağı gözləntisi ilə bazarda uzun müddət gözləməsi özünü doğrultmaya bilər. Mövcud şərtlər nəzərə alındıqda, logistika xərclərinin yüksək olması və mövsümi tələbin artması qiymətlərin aşağı düşməsindən daha çox sabit qalması və ya müəyyən qədər yüksəlməsi ehtimalını gücləndirir.

Bu baxımdan, sentyabr-oktyabr aylarında avtomobil bazarında təxminən 5 faiz civarında qiymət artımının baş verməsi mümkün ssenarilərdən biri hesab olunur. Lakin artımın konkret olaraq hansı avtomobil modellərində və hansı qiymət seqmentində daha çox hiss olunacağı bazardakı tələb, təklif və idxal dinamikasından asılı olacaq”, - deyə Eldəniz Cəfərov fikrini tamamlayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar