Rusiyanın Ermənistana təzyiqləri səngimək bilmir.
Ara-sıra müxtəlif Rusiya rəsmiləri, deputat və siyasilər Ermənistan hökumətinin addımlarını tənqid edən açıqlamalar verirlər. Lakin onlar eyni zamanda, bildirirlər ki, İrəvan öz addımlarında müstəqildir.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev isə sözügedən məsələdə daha da irəli gedərək, Ermənistanı cəzalandıracaqları ilə hədələyib.
Bakupost.az xəbər verir ki, Medvedyev Rusiyanın Ermənistan hakimiyyətinin əsl niyyətlərini bəyanatlarla deyil, faktiki hərəkətlərlə mühakimə edəcəyini bəyan edib.
Keçmiş Rusiya Prezidenti “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Çarukyanın toxunulmazlığının ləğv edilməsi üçün hazırlanan petisiyanı müxalifətə qarşı yeni bir repressiya mərhələsi adlandırıb.
Siyasi şərhçi Taleh Əliyev
Bakupost.az-a bildirib ki, Medvedyevin Ermənistan hakimiyyətinə qarşı səsləndirdiyi təhdidlər nə birinci deyil¸nə də sonuncu olmayacaq:
“Rusiya buna qədər də Ermənistanda kilsənin, habelə şimala bağlı müxalifət, silahlı qüvvələr və təhlükəsizlik orqanlarındakı cəsus şəbəkələri xəttilə dəfələrlə təxribatlar törətməyə cəhd edib. Amma onların heç biri nəticə verməyib. Rusiya artıq Ermənistan cəmiyyətində dəstəyi ümumən itirib”.
Buna baxmayaraq, ekspertin sözlərinə görə növbəti mərhələdə də Moskva İrəvana qarşı təzyiq rıçaqlarını işə salmaqda davam edəcək:
“Medvedyevin son açıqlaması da buna işarədir. Lakin bununla belə, yaxın gələcək üçün şimaldan gələn bu sayaq təhdidlərin nəticə verəcəyi real deyil”.
Müsahibimiz deyir ki, Rusiyanın Ermənistanı iqtisadi-sosial baxımdan blokadaya salmaq cəhdi də alınmayacaq:
“Çünki Avropa İttifaqı İrəvana daha yaxşı alternativlər təklif edib. Doğrudur, qarşıdakı mərhələdə gərginlik artacaq, kilsə hökumət qarşıdurması dərinləşəcək. Amma bütün bunlara rəğmən yaxın gələcəkdə Rusiya Ermənistanda qarşıya qoyduğu məqsədlərə nail olmayacaq”.
Rüfət Sultan,
BakuPost