İşğaldan azad olunmuş rayonların bərpası və əhalinin doğma yurdlarına qayıdışı prosesi çərçivəsində Bakıda fəaliyyət göstərən bir sıra məcburi köçkün məktəblərinin fəaliyyətinin dayandırılması həmin təhsil müəssisələrində çalışan bəzi əməkdaşların narazılığına səbəb olub.
"Bakupost" xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, Qarabağ Regional Təhsil İdarəsi bağlanan məktəblərin bazasında yeni təhsil müəssisələri yaratsa da, bütün kollektivin işlə təmin olunması həyata keçirilmir. İddialara görə, müəllimlərin böyük hissəsi digər məktəblərə yerləşdirilsə də direktorlar, direktor müavinləri, uşaq birliyi təşkilatı rəhbərləri (UBR), kitabxanaçılar, laborantlar və digər texniki işçilərin əksəriyyəti işsiz qalıblar.
Şikayətdə qeyd olunur ki, Mehdiabad qəsəbəsində fəaliyyət göstərən Ağdam rayon 34 nömrəli, Füzuli rayon 3 nömrəli və Kəlbəcər rayon 13 nömrəli tam orta məktəblərin fəaliyyəti dayandırılıb və həmin təhsil ocaqlarının yerləşdiyi binada və mövcud şagird kontingenti əsasında Mehdiabad qəsəbə 7 nömrəli tam orta məktəb yaradılır. Bağlanan məktəblərin şagirdləri isə yeni yaradılan təhsil müəssisəsinə yönləndirilirlər.
İddia olunur ki, müəllim heyəti müxtəlif məktəblərdə işlə təmin edilsə də, texniki işçilərlə, o cümlədən uşaq birliyi təşkilatı rəhbərlərinin əmək münasibətlərinə xitam verilib. Nəticədə 30-a yaxın şəxs işsiz qalıb.
Sorğuya cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, ümumtəhsil müəssisələrində həyata keçirilən optimallaşdırma prosesi mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılması məqsədi daşıyır:
"Optimallaşdırma çərçivəsində hər bir təhsil müəssisəsinə fərdi qaydada yanaşılır. Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, qeyd olunan təhsil müəssisələri ilə bağlı optimallaşdırma prosesi üzrə yekun qərar qəbul edilməyib. Yekun qərar qəbul verildikdən sonra mövcud ehtiyaclar və qüvvədə olan normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla texniki və yardımçı pedaqoji vəzifələrində çalışan əməkdaşların işlə təmin olunması məsələsi dəyərləndiriləcək. Əmək münasibətlərinə dair məsələlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qaydada tənzimlənir".