Ru
22:31 / 09 İyun 2026

Məhərrəmlik iqtisadiyyata zərbə vurur? - Səbəbi açıqlandı

Məhərrəmlik iqtisadiyyata zərbə vurur? -  Səbəbi açıqlandı
Eye

İyunun 16-da Məhərrəm ayı başlayır və bununla əlaqədar olaraq ölkədə toy, nişan və digər şənlik məclislərinin sayında ciddi azalma gözlənilir. Bu dövrdə xüsusilə restoranlar, şadlıq sarayları, foto-video xidmətləri və tədbir təşkili ilə məşğul olan sahibkarların fəaliyyəti zəifləyir.

Bəs Məhərrəmlik dövründə baş verən durğunluq həqiqətən iqtisadi itki hesab oluna bilərmi?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Xalid Kərimli təxirə salınan məclislərin sonradan keçirildiyi üçün bu prosesin illik iqtisadi göstəricilərdə nəzərəçarpacaq azalma yaratmadığını bildirib.

“Məhərrəmlik dövründə əyləncə xarakterli tədbirlərin, toy və nişan məclislərinin sayında müəyyən azalma müşahidə olunur. Lakin bu, həmin xidmətlərə olan tələbatın tamamilə yox olması demək deyil. Sadəcə, xərclərin və istehlakın vaxtı dəyişir. İnsanlar tədbirlərini ya Məhərrəmlikdən əvvəlki dövrə, ya da sonrakı həftələrə keçirirlər. Ona görə də bu vəziyyət illik makroiqtisadi göstəricilərə ciddi təsir etmir. İstehlak həcmi ümumilikdə qorunub saxlanılır, yalnız zaman üzrə yerdəyişmə baş verir. Nəticədə iqtisadi aktivlikdə qısamüddətli dəyişikliklər müşahidə olunsa da, bunun ilin yekun nəticələrinə əhəmiyyətli təsiri olmur.

Məhərrəmlik müəyyən xidmət sahələrinin aylıq dövrüyyəsində müvəqqəti azalma yarada bilər. Bununla belə, həmin dövrdə baş verən dəyişikliklərin xalis iqtisadi effekti adətən çox zəif olur və bəzən müsbət, bəzən isə mənfi istiqamətdə özünü göstərə bilər”.

X.Kərimli qeyd edib ki, Məhərrəmlik bütün bölgələrdə eyni şəkildə qeyd olunmur:

“Eyni zamanda, nəzərə almaq lazımdır ki, Məhərrəmlik ölkənin bütün ərazilərində eyni səviyyədə qeyd edilmir. Bəzi bölgələrdə bu ənənə daha geniş yayılıb, bəzi ərazilərdə isə təsiri məhduddur. Ona görə də söhbət iqtisadiyyatda ciddi geriləmədən deyil, müəyyən dövr ərzində pul vəsaitlərinin dövriyyəsində yaranan qısamüddətli dalğalanmalardan gedir. Sonrakı mərhələdə isə bazar öz normal fəaliyyət ritmini bərpa edir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar