Əməkdar artist Mehriban Xanlarova 9 aydır işsiz olduğunu açıqlayıb.
“Bakupost” xəbər verir ki, aktrisa bu barədə TikTok-da canlı yayım zamanı danışıb.
“9 aydır işləmirəm. Ağlamayacağam, mənə yaxşı şeylər yazırsınız. İnşallah, hər şey yaxşı olacaq. Yenə də öz evimdəyəm. Heç kimdən evimi-eşiyimi gizlətməmişəm. Səhər birdən-birə qərara gəldim ki, canlı yayıma girim, məni sevənlərlə görüşüm”, - deyə M.Xanlarova bildirib.
Xatırladaq ki, M.Xanlarova ötən ilin noyabrında işdən ayrılmaqla bağlı ərizə yazdığını bildirmişdi. O, baş verənləri teatrda yaşanan qalmaqallarla əlaqələndirib. Daha sonra Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərovun əmri ilə işdən azad edilib.
Qeyd edək ki, bir müddət əvvəl Mehriban Xanlarovanın əvvəlki işinə qayıtmaq istəyi ilə bağlı müraciət videosu yayılıb. Dövlət Akademik Milli Dram Teatrından bildirilib ki, onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi üçün digər dövlət teatrlarında iş imkanları, eləcə də Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərsləri keçməsi təklif olunub. Lakin aktrisa yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirərək təqdim olunan alternativ təklifləri qəbul etməyib. Ona əmək münasibətlərinə xitamın özünün yazılı müraciəti əsasında verildiyi və hazırda teatrda müvafiq vakant ştatın olmadığı bir daha izah edilib.
Lalə, BakuPost