Ru
12:10 / 20 Oktyabr 2026

Məhsul, yoxsa pulun vaxtı? - Bahalaşmanın görünməyən səbəbləri

Məhsul, yoxsa pulun vaxtı? - Bahalaşmanın görünməyən səbəbləri
Eye

Həsən Həsənov,

Biznes idarəçisi

Qiymət artımı dedikdə ilk ağıla gələn səbəblər bəllidir: bahalaşan xammal, cəhənnəmə dönən logistika zənciri, enerji xərcləri, məzənnə dəyişiklikləri və inflyasiya dalğalanmaları... Amma biznesin daxili mexanikasına daha yaxından nəzər salanda tam fərqli bir mənzərə açılır.

Bəzən qiymətə təsir edən, lakin ən az görünən amil şirkətlərin pulun vaxtını və satınalma qərarlarını necə idarə etməsidir.
Məhsulla gələn gizli resurs: Tədarükçü nə satır?

Təsəvvür edin ki, tədarükçü xaricdən xammal idxal edir. Xammalı bu gün çatdırır, lakin ödənişi 30, 60, hətta 90 gün sonra tələb edir. Bu ticarətdə tədarükçü faktiki olaraq yalnız fiziki xammal satmır — o, məhsulla birlikdə vaxt da satır.

İstehsalçı xammalı emal edir, hazır məhsula çevirir, satır, satışdan əldə etdiyi pulu toplayır və yalnız bundan sonra tədarükçü ilə hesablaşır. Tədarükçünün verdiyi bu möhlət alıcının dövriyyə kapitalına əlavə nəfəs verir.

Bu, bazarda ciddi satış üstünlüyüdür. Müştərinin tədarükçüdən asılılığı da müəyyən mənada məhz bu maliyyə rahatlığından formalaşır.

Debitor borc: Strateji güc, yoxsa təzyiq silahı?

Biznesdə bir çox tədarükçü öz gücünün yalnız məhsulun özündə olduğunu düşünür: “Xammal məndədir, deməli, şərtləri də mən diktə edirəm.”

Bu, strateji korluqdur. Real güc yalnız məhsulda deyil, həm də yaradılan rahatlıqda, sabit tədarükdə, keyfiyyətdə və maliyyə elastikliyindədir. Tədarükçünün debitor borcu da alıcıya təqdim edilən bu iqtisadi dəyərin bir hissəsidir.

Debitor borc tədarükçüyə bazarda üstünlük verir, lakin qarşı tərəfə təzyiq göstərmək üçün əsas yaratmır. Praktikada bu təzyiq belə görünür: alıcının açıq borcu var, tədarükçü yeni partiyanın qiymətini qaldırır və bildirir: “Razı deyilsənsə, əvvəlcə borcunu bağla.” Alıcının həmin gün borcu ödəməyə vəsaiti çatmadığından yeni qiyməti qəbul etmək məcburiyyətində qalır.

Belə vəziyyətdə alıcı özünə başqa bir sual verir: “Mən bu asılılığı niyə saxlamalıyam?”

Müştərinin maliyyə imkanları yaxşılaşdıqca alternativləri nəzərdən keçirmək və öz idxalını təşkil etmək imkanı da artır. Biznesdə real güc müştərini asılı saxlamaq deyil, onun sizdən alışını davam etdirməsi üçün davamlı iqtisadi əsas yaratmaqdır.

Əlbəttə, “özün idxal et” demək asan deyil. Keyfiyyət, çatdırılma, gömrük prosedurları, minimum sifariş həcmi və etibarlılıq kimi amillər nəzərə alınmalıdır. Lakin bunlar tədarükçüyə öz üstünlüyündən istənilən formada istifadə etmək haqqı vermir. Alıcıya da tədarükçünün güzəştsiz sərtliyinə sonsuzadək dözmək məcburiyyəti qoymur.

Alıcının böyük illüziyası: Möhləti yoxlamadan “pulsuz” hesab etmək

Sikkənin o biri üzündə isə alıcının ciddi idarəetmə xətası dayanır: ödəniş möhlətini yoxlamadan pulsuz resurs hesab etmək.
Tədarükçü “Malı apar, pulunu 30 gün sonra ödə” dedikdə alıcı rahatlaşır. Lakin həmin malı nağd alış qiymətindən cəmi 2 faiz baha alırsa, maliyyə baxımından sual belə qoyulmalıdır: bu 30 günlük rahatlığın mənə real maliyyə qiyməti nədir?

Hesab sadədir: 100 min manatlıq malı bu gün nağd 100 min manata, 30 gün sonra isə 102 min manata alırsınızsa, aradakı 2 min manat fərq sadəcə baha məhsulun qiyməti deyil — bu, gizli maliyyələşdirmə xərcidir.

İllikləşdirmə effekti: 30 günlük möhlət müqabilində qiymət 2 faiz yüksəkdirsə, bu fərqin sadə illikləşdirilməsi təxminən 24,3 faiz nəticəsini verir. Bu göstərici bank kreditinin faktiki illik faiz dərəcəsi deyil, möhlətin qiymət fərqinə əsaslanan təxmini maliyyələşdirmə dəyəridir.

Alıcı bu xərci bank faizi kimi görmür, onu məhsulun qiymətinin daxilində ödəyir. Buna görə də “Mənə 60 gün möhlət verirlər” düşüncəsi yetərli deyil. Bəzən ucuz malı nağd almaq, baha malı möhlətlə almaqdan daha sərfəlidir.

Bu rəqəmi bank kreditinin dəyəri ilə müqayisə etmək lazımdır. Məsələn, bank illik 15 faizlə kredit verirsə, kredit götürüb malı nağd almaq, digər şərtlər eyni olduqda, möhlətli alışdan daha sərfəli ola bilər. Bank kreditinə çıxış yoxdursa, həmin 24 faiz alıcı üçün yeganə maliyyələşdirmə variantına çevrilə bilər. Əsas məsələ bu xərci bilmədən qərar verməməkdir.

Əlbəttə, möhlət həmişə əlavə xərc demək deyil. Bunu bir sualla yoxlamaq olar: “Nağd ödəsəm, qiymət düşürmü?” Düşürsə, möhlətin qiyməti var və onu hesablamaq lazımdır. Düşmürsə, möhlətdən istifadə etmək alıcı üçün əlavə xərc yaratmaya bilər və sırf nağd ödəniş naminə bu imkandan imtina etmək iqtisadi baxımdan əsaslandırılmaya bilər.

Unutmayaq ki, idxal edib möhlət vermək tədarükçünün biznes modelinin bir hissəsidir və bu xidmətin dəyəri onun marjasında artıq nəzərə alına bilər. Səriştəli satınalma isə eyni maliyyə rahatlığına ikinci dəfə pul ödəməməkdir.

Sistemsizliyin maya dəyəri: “Səriştəsizlik vergisi”

Məsələ yalnız tədarükçünün qiyməti qaldırması və ya alıcının baha mal alması ilə bitmir. Satınalmasını planlaşdırmayan, alternativ tədarükçü bazası yaratmayan, ödəniş şərtlərinin real maliyyə dəyərini hesablamayan və dövriyyə kapitalını idarə edə bilməyən şirkətlərin hər bir səhv qərarı sonradan məhsulun qiymətinə yüklənir.

Nəticədə hər iki tərəf sistemsizlikdən doğan əlavə xərcləri bazarın normal qiyməti kimi qəbul edir.

Bunu sadə bir zəncirlə izah etmək olar. İdxalçı malı topdansatış şirkətinə 30 gün möhlətlə verir və maliyyələşdirmə xərcini qarşılamaq üçün qiymətə 2 faiz əlavə edir. Topdansatış şirkəti də eyni şərtlərlə pərakəndə satıcıya satış edir, pərakəndə satıcı isə öz maliyyələşdirmə xərcini rəfdəki qiymətə daxil edir. Hər mərhələdə 2 faizlik artım tətbiq olunduğunu fərz etsək, 100 manatlıq mal üç mərhələdən sonra təxminən 106,12 manata başa gəlir.

Məhsul dəyişməyib, xammal bahalaşmayıb, məzənnə də yerindədir. Qiymət artımının səbəbi isə pulun tədarük zəncirində keçirdiyi vaxt və bu müddətin maliyyə dəyəridir.

İndi təsəvvür edin ki, bazarda ödənişlər gecikir və hər halqada möhlət 30 gündən 60 günə uzanır. Əgər hər mərhələdəki maliyyələşdirmə xərci də müvafiq olaraq artırsa, eyni məhsulun rəf qiyməti daha da yüksəlir. Xammalın qiyməti bir qəpik belə artmadan bahalaşma baş verir. Bu artımın bir hissəsi pulun vaxtının qiymətidirsə, əlavə hissəsi səmərəsiz idarəetmənin yaratdığı xərcdir — başqa sözlə, “səriştəsizlik vergisi”.

Məhsulun arxasında kimin kapital qoyduğuna, kimin ödənişi gözlədiyinə və tərəflərin bir-birinə neçə gün möhlət verdiyinə diqqət yetirmək lazımdır. Çünki qiymət yalnız məhsulun istehsal və daşınma xərclərindən formalaşmır; maliyyələşdirmə şərtləri və idarəetmə qərarları da bu prosesdə mühüm rol oynayır.

Deməli, bahalaşmanın arxasında yalnız məhsulun öz xərci deyil, həm də dərin və çox vaxt görünməyən bir idarəetmə mexanikası dayanır.

Həsən Həsənov

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar