Türkiyə, Pakistan və Səudiyyə Ərəbistan arasında avqustun 7-də imzalanan və hərbi ittifaqı nəzərdə tutan Məkkə müqaviləsi geniş rezonans doğurub. İran da reaksiya verərək, təşkilatın Tehranın maraqlarına zidd addımlar atmasına imkan verməyəcəyini bəyan edib.
Hələlik təşkilat 3 ölkədən ibarətdir. Amma onun digər dövlətlər hesabına genişlənə biləcəyi də istisna edilmir. Beynəlxalq vəziyyətdən, regiondakı durumdan asılı olaraq müqaviləyə yeni-yeni üzvlər də daxil ola bilər.
Politoloq Zaur Məmmədov
Bakupost.az-a bildirib ki, Məkkə Paktı gələcəkdə müsəlman ölkələri arasında birliyə gətirib çıxara bilər:
“Hərçənd bu barədə danışmaq hələ çox tezdir. Hələlik belə bir birliyin qurularaq, möhkəmlənməsinə maneə olan əsas qüvvələr elə müsəlman ölkələrinin özləridir. Məkkə Paktı ciddi bir addım hesab oluna bilər və o heç kimə qarşı yönəlməyib. İslam dünyasının ən qüdrətli dövlətlərindən artıq üçü bu sazişin iştirakçısıdır. Onlardan Pakistanla Türkiyənin hərbi gücü hər kəsə məlumdur. Səudiyyə Ərəbistanının da burada yer alması qarşılıqlı milli təhlükəsizlik və maraqların uzlaşması baxımından olduqca vacibdir. Hesab olunur ki, bu saziş gələcəkdə İslam ölkələrini birləşdirə biləcək bir pakt ola bilər. Bu istiqamətdə 8 islam ölkəsinin iqtisadi əməkdaşlıq təşkilatı, D8 formatı da mövcuddur. Onun da genişləndirilməsi bu və yaxud digər şəkildə müzakirə predmetidir".
Müsahibimizin sözlərinə görə, yaxın perspektivdə Məkkə Paktının genişlənəcəyi, Misir, Suriya və Körfəz ölkələrindən bəzilərinin ora qoşulacağı da istisna deyil:
“Bu ilk növbədə məram və məqsədlərin nədən ibarət olacağından asılıdır. Eyni zamanda, təşkilatın genişlənməsi sözügedən paktın hansı dünya ölkələri tərəfindən dəstəklənib, dəstəklənməməsindən də asılı olacaq. Misirin ora qoşulması hər halda Türkiyənin maraqları baxımından da vacib olardı. Bu ilk növbədə məqsədlərin nədən ibarət olacağındanm asılıdır. Suriyanın da prosesə qoşulması məntiqli görünür. Çünki Suriya da İsrail tərəfindən müxtəlif təhdidlərə məruz qalır”.
Rüfət Sultan,
BakuPost