Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə "Məkkə Sazişi" çərçivəsində qoşun və hərbi imkanlar təmin etməklə bağlı razılığa gəliblər.
"Bakupost" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata əsasən, tərəflər sazişdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə birgə şəkildə hərbi resurslar və qüvvələr təmin etmək barədə razılıq əldə ediblər.
O da qeyd edilir ki, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərəcək.
Hərbi ekspert
İbrahim Rüstəmli “Bakupost”a bildirib ki, 3 ölkə arasında bu əlaqələr imzalanmış “Məkkə sazişi” sənədinin mahiyyətindən asılı olaraq qurulur:
“Yəni Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan saziş çərçivəsində qoşun və hərbi imkanların təmin edilməsi məsələsi də xüsusi olaraq qabardılıb. Bu o deməkdir ki, adı çəkilən 3 dövlət silah, qoşun və orduya aid digər imkanlarla bağlı qarşılıqlı fəaliyyət göstərmək yolunu tutublar”.
Müsahibimiz deyir ki, nəticədə onların fəaliyyətində hərbi əlaqələr bir mərkəzdən koordinasiya olunacaq:
“Saziş bu 3 ölkəyə bir-birinin ərazisində öz ordularını yerləşdirmək, hərbə aid əlaqələrin reallaşdırılması baxımından təcrübə mübadiləsi aparmaq kimi məsələləri nəzərdə tutur. Birgə şəkildə hərbi resurslar və qüvvələrlə təmin etmək o deməkdir ki, imzalanan sənədə əsasən həm Türkiyə, həm də Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərə bilər”.
Hərbi ekspertin sözlərinə görə, bu əlaqələr hər üç ölkə üçün böyük siyasi əhəmiyyət kəsb edəcək:
“Qloballaşan dünyada güclərin vahid mərkəzdə birləşməsi bir sıra təhdidlər, yeni geosiyasi reallıqlar yaradıb”.
Rüfət Sultan,
BakuPost