Ru
17:21 / 04 Sentyabr 2026

Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız zəhərlənə bilər

Məktəb alış-verişi edərkən diqqətli olun: Uşaqlarınız  zəhərlənə bilər
Eye

Məktəblərin açılmasına sayılı günlər qalıb. Artıq valideynlər övladları üçün çanta, dəftər, kitab və digər ləvazimatları almağa başlayıblar. Lakin bazarlıq zamanı yalnız qiymət və görünüşə diqqət yetirmək kifayət etmir. Keyfiyyətsiz və saxta məhsullar uşaqlar üçün sağlamlıq riski yarada bilər.

Bəs məktəb ləvazimatları alarkən nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı “Bakupost”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hər il məktəb mövsümü ərəfəsində qiymət artımı ilə yanaşı, saxta məhsulların da sayı artır.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri tələbin təklifi üstələməsidir:

“Valideynlər məktəb ləvazimatları alarkən tələsməsinlər və çantaların qiymətinə aldanmasınlar. Əgər məhsuldan pis qoxu gəlirsə, belə çantaları almasınlar. Həmçinin ağ tənzifi isladıb çantanın üzərində sürtsünlər. Əgər rəng verirsə, həmin məhsulu almaq məsləhət deyil. Kitab və dəftərləri də diqqətlə yoxlamaq lazımdır. Bəzi hallarda kserokopiya kitablara rast gəlinir. Belə məhsulların mənfi cəhətlərindən biri odur ki, çap zamanı istifadə olunan bəzi boyalarda ağır metallar ola bilər. Bu maddələr uşaqların əlləri vasitəsilə orqanizmə keçərək tədricən zəhərlənməyə səbəb ola bilər.

Bundan başqa, kitab və dəftərlərin səhifələrinin tam olub-olmamasına da diqqət yetirsinlər.

Bütün hallarda valideynlər ödədikləri pulun müqabilində kassa çeki almalı və onu saxlamalıdırlar. Məktəb ləvazimatları dəyişdirilə və qaytarıla bilən mallar sırasındadır. Problem yarandıqda 012 599 76 00 telefon nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat vermək olar”.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar