2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək.
"Bakupost" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.
Bildirilir ki, yeni təmayül tədris modelinin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Bu addım repetitorluğa son qoyacaqmı?
Təhsil eksperti Məzahir Məmmədli
"Bakupost"a bildirib ki, pilot layihə olaraq bu addımda məqsəd orta məktəb şagirdlərinin repetitor yanına cəlb olunmasının qarşısını almaqdır:
“İki ildir davam edən bu layihənin ilkin nəticələri ürəkaçandır. Belə ki, layihənin tətbiq edildiyi məktəblərdən ali təhsil müəssisələrinə qəbul sayı əvvəlki illərlə müqayisədə kəskin şəkildə artıb. Məhz buna görə də pilot layihənin genişləndirilməsi təşəbbüsü irəli sürülüb. Nəticədə Bakıda 30-dan artıq məktəbdə layihə növbəti tədris ilindən həyata keçiriləcək. Layihənin genişlənməsi tam olmasa da, repetitorluqdan asılılığı müəyyən qədər azalacaq. Həmin məktəblərə də xüsusi müəllimlər cəlb olunur. 20 minə qədər müəllim saat hesabı yox, tam ştatlı müəllim olaraq işə cəlb olunacaq”.
Ekspert düşünür ki, bu kimi addımların atılmasına baxmayaraq, ümumilikdə repetitorluqdan tam olaraq xilas ola bilməyəcəyik:
“Amma ilkin mərhələ üçün layihə özünü doğruldub. Repetitorluq isə təkcə uşaq hazırlığı məqsədi daşımır, artıq o bir növ dəb halını alıb. Valideyn hələ də düşünür ki, uşaqların repetitorluğa cəlb olunması daha effektli olacaq. Repetitorluq var və davam edəcək”.
Rüfət Sultan,
BakuPost