Bakıda 29 nömrəli marşrut üzrə hərəkət edən avtobuslarla bağlı redaksiyamıza hər gün şikayətlər daxil olur.
"Bakupost"un qaynar xəttinə müraciət edən sərnişinlər bu marşrut üzrə avtobusların mütəmadi olaraq bir saatdan çox gec gəldiyini deyirlər. Şikayətçilərin sözlərinə görə, dayanacaqda uzun müddət gözlədikləri üçün işə gecikir, bu azmış kimi, sürücülərin kobud davranışı ilə də üzləşirlər.
Sərnişin İlhamə Əliyeva bildirib ki, bu gün avtobusu gözləməyə 1 saat 20 dəqiqə vaxt sərf edib. Gecikmənin səbəbini sürücüdən soruşduqda isə xəttə cəmi üç avtobusun buraxıldığı cavabını alıb.
“Birincisi, sürücülər çox kobuddurlar. Deyirlər ki, biz beləyik, yaxşı edirik. İkincisi, çox gec gəlirlər. İnanın, bu gün bir saat 20 dəqiqə avtobus gözləmişəm. Səbəbini soruşanda deyirlər ki, cəmi üç avtobus xəttə buraxılıb. Dispetçerə desək də, eyni cavabı verirlər. Artıq bezmişik. İşə gecikirik, cərimələnirik. Mən niyə bir saat 20 dəqiqə avtobus gözləməliyəm?” – deyə o bildirib.
Digər sərnişin Aynur Fətullayeva isə avtobusların yararsız vəziyyətdə olmasından və sürücülərin aqressiv davranışından şikayətlənib. Onun sözlərinə görə, nə qədər şikayət etsələr də, heç nə dəyişmir:
“Avtobuslar gec gəldiyi üçün hər gün dava-dalaş düşür. Yayda bir cür əziyyət çəkirik, payızda başqa cür. Avtobuslar sınıq-salxaqdır, hamı şikayətçidir. Xahiş edirik, bu avtobuslara əl gəzdirsinlər. Sürücülər aqressivdir, heç kim sözümüzə baxmır, bizi adam yerinə qoymurlar. 29 nömrəli marşrutla bağlı tədbir görülsün".
Məsələ ilə bağlı
"Bakupost"un sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki,
Badamdar qəsəbəsini metronun “20 Yanvar” stansiyası və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 29 nömrəli marşrutda 11 avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.
Qurumdan qeyd olunub ki, avtobusların keçdiyi küçə və prospektlərdə müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən marşrut xəttində interval artımı və ləngimələr ola bilir:
"AYNA daşıyıcıya avtobusların yenilənməsi, xəttə buraxılan avtobusların sayının sərnişin tələbatına uyğun nizamlanması və sürücülərin sərnişindaşıma qaydalarına əməl etməsi ilə bağlı tapşırıqlar verib", - deyə məlumatda bildirilib.
Lalə Novruz, BakuPost