Türkiyənin məşhur seriallarından “Kurtlar Vadisi”nin yaddaşlarda qalan məkanlarından biri yenidən gündəmə gəlib.
"Bakupost" Metbuat.az-a istinadla xəbər verir ki, İstanbulun Beykoz rayonunda yerləşən və serialda Tombalacı Mehmetin malikanəsi kimi istifadə olunan lüks villa satışa çıxarılıb.
Mülkün satış qiyməti isə diqqət çəkib. Belə ki, malikanə üçün 384 milyon Türkiyə lirəsi (13 478 400 manat) tələb olunur.
Sözügedən villa “Kurtlar Vadisi”ndə Haldun Boysanın canlandırdığı Tombalacı Mehmet obrazının evi kimi tamaşaçılara təqdim edilmişdi. Serialın bəzi yaddaqalan səhnələri də məhz bu məkanda çəkilib.
Maraqlıdır ki, villanın ekran tarixçəsi bununla bitmir. Eyni məkan sonrakı illərdə “Poyraz Karayel” serialında da istifadə olunub. Bu dəfə bina Musa Uzunların canlandırdığı Bahri Baba obrazının evi kimi tamaşaçıların qarşısına çıxıb.
Beləliklə, iki məşhur serialda fərqli obrazların malikanəsi kimi tanınan villa illər sonra yenidən gündəmə gəlib. Bu dəfə isə səbəb serial deyil, mülkün 384 milyon lirəlik satış qiymətidir.
Məlumata görə, geniş əraziyə malik mülkdə 40 avtomobillik dayanacaq, açıq hovuz, sauna, türk hamamı, fitnes sahəsi və basketbol meydançası da var.