Ru
09:31 / 07 Oktyabr 2026

Messinin millidəki son oyunu - VİDEO

Messinin millidəki son oyunu  - VİDEO
Eye

Argentina milli komandası əfsanəvi hücumçu Lionel Messinin yığmadakı son qarşılaşması çərçivəsində Benin seçməsinə qalib gəlib.

"Bakupost" xəbər verir ki, Buenos-Ayresdə yerləşən "Monumental Antonio Vespussi Liberti" stadionunda baş tutan oyunda Argentina rəqibini 3:0 hesabı ilə üstələyib. Qarşılaşmadan öncə stadionda Lionel Messiyə həsr olunan xüsusi görüntü nümayiş etdirilib. Tribunada futbolçunun 10 nömrəli formasının və "GRACIAS" sözünün əks olunduğu nəhəng banner açılıb.

Görüşün 10-cu dəqiqəsində isə oyun qısa müddətə dayandırılıb. Argentina millisinin 10 nömrəli formasını geyinən Messi azarkeşlər tərəfindən alqışlarla yola salınıb. Təxminən bir dəqiqə davam edən alqışlara həm tribunadakı tərəfdarlar, həm də hər iki komandanın futbolçuları qoşulublar. Yayılan görüntülərdə Messinin azarkeşlərin coşqusu qarşısında göz yaşlarını saxlaya bilmədiyi görünür.

İlk 45 dəqiqədə hesab açılmayıb. Fasilədən sonra isə Argentina ardıcıl üç dəfə fərqlənib. Nikolas Otamendi, Niko Pas və Lionel Messi adlarını tabloya yazdırıblar.

Messi qarşılaşmada yalnız özü qol vurmaqla kifayətlənməyib. O, Argentina millisinin bütün üç qolunda iştirak edib və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Lionel Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstana qarşı keçirilən yoldaşlıq oyununda edib. Həmin görüş Argentina yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Əfsanəvi futbolçu milli komandanın heyətində keçirdiyi 208 matçda 126 qol vurub və 69 məhsuldar ötürmə verib.

Messi Argentina ilə 2022-ci ildə dünya çempionluğuna yüksəlib. O, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə isə Finalissimada qalib olub.

Qeyd edək ki, Lionel Messi daha əvvəl 2026-cı il dünya çempionatından sonra Argentina millisindəki çıxışını başa vuracağını bildirmişdi.


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar