Mikro sahibkarların nağdsız ödənişlər zamanı üzləşdiyi bank komissiyaları ilə yanaşı, hesabdakı vəsaitin nağdlaşdırılması da əlavə xərclər yaradır.
Bank və maliyyə eksperti Əkrəm Həsənov
“Bakupost”a bildirib ki, sahibkarların nağd əməliyyatlara keçmək imkanları vətəndaşlarla müqayisədə daha məhduddur. Onun sözlərinə görə, sahibkar bank hesabındakı pulu nağdlaşdırarkən həm bank komissiyası, həm də 1% vergi ödəyir. Bankın nağdlaşdırma komissiyası da təxminən 1% olduğundan, ümumi xərc 2%-ə yaxınlaşır.
Ekspert qeyd edib ki, sahibkarın nağdlaşdırma imkanları dövriyyəsindən asılı olaraq məhdudlaşdırılır. Onun sözlərinə görə, illik dövriyyəsi 200 min manata qədər olan sahibkarlar ayda 15 min manat nağdlaşdıra bilər. Dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar üçün də nağdlaşdırma ilə bağlı məhdudiyyətlər mövcuddur. Ə.Həsənov hesab edir ki, sahibkarlar nağd pul çıxarmaqla bağlı həm maliyyə xərcləri, həm də məhdudiyyətlərlə üzləşirlər.
O bildirib ki, sahibkara müştəri tərəfindən nağd ödəniş edilərsə, vəziyyət dəyişir. Sahibkarın əlində artıq nağd vəsait olduğu halda, həmin pulu bank hesabına yatırmağa ehtiyac duymaya bilər. Lakin bank hesabına daxil olan vəsaiti nağdlaşdırmaq daha baha başa gəldiyindən, sahibkar üçün nağdsız əməliyyat aparmaq daha sərfəli olur.
Ekspertin fikrincə, mövcud sistem nağdlaşdırmanı sahibkar üçün daha bahalı etməklə nağdsız əməliyyatlara üstünlük verilməsini təşviq edir. O hesab edir ki, bu mexanizm banklara nağdsız əməliyyatlar üzrə tariflərdən gəlir əldə etmək imkanı da yaradır.
Vüsalə Hüseynova,
BakuPost